“Xəzər Lənkəran”da yaxşı işlər gördük. Bu işdə bizə ən böyük dəstəyi klubun prezidenti Mais Mənsimov verdi. O, daim yanımızda oldu, qayğısını əsirgəmədi. Lakin əldə olunan nəticə ürəkaçan olmadı”.
Sportarena.az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun sabiq baş məşqçisi Oğuz Çətin deyib.
Türkiyəli mütəxəssis istefasının səbəbini “ağ-yaşıllar”ın baxımlı oyun sərgiləməyinə baxmayaraq, uğursuz nəticə göstərməsi ilə əlaqələndirib: “Mövsümün əvvəlindən qış fasiləsinə qədər çox çalışdıq. Önəmli transferlər edildi və hədəf böyüdü. Yarım mövsüm ərzində gözə xoş gələn oyunlar keçirdik, futbolçularımızı düzgün istiqamətdə yönləndirdik. Amma təəssüf ki, fərdi səhvlər ucbatından tez-tez xal itkisinə məruz qaldıq. “Xəzər Lənkəran” bu təşkilatçılıq və bu oyunla daha yüksək yerlərdə olmalı idi. Minimum 30 xal toplamalı idik. Bu qədər işin qarşılığında istədiyimiz nəticəni əldə edə bilmədik. Bütün bunlar həm rəhbərliyi, həm də bizi məyus etdi. Düzdü, Azərbaycanda, xüsusən də, Lənkəranda sərgilədiyimiz oyun bəyənilirdi. Lakin nəticələr uğursuz olunca, bir qərar verməli olduq. Prezidentlə keçirilən iclasda bunun belə davam etməyəcəyi bildirildi və komandanın strategiyası açıqlandı. Mən uğur qazanmaq üçün hər şeyini ortaya qoyan adamam. Ancaq nəticə məni məmnun etmədiyindən, ayrılmaq qərarına gəldim. “Xəzər Lənkəran”ın mənim həyatımda xüsusi yeri var. Buna görə də bu komandaya heç vaxt üz çevirmərəm. Mais Mənsimov elə bir insandı ki, Lənkəranda daha 5 il də işləyərdim. İşimə davam etmək təklifinə rəğmən, ayrılmağı qərara aldım. Qərarı verərkən, “Xəzər Lənkəran”ın mənafeyini düşündük”.
Çətin söhbət əsnasında bəzi futbolçulardan da gileylənib: “Geriyə dönüb baxdığımızda sadəcə məyusluq görürük. Çünki bizim çalışmaq əzmimizin qarşılığı olaraq, komandadan daha yüksək nəticə gözləyirdik. Xüsusən də, bəzi futbolçuların gözləniləni verməmələri, daha ciddi olmamaqları məni məyus etdi. Ad çəkmək istəmirəm. Bu, onsuz da bilinir. Tanınmış olan 3 yerli futbolçumuzun çıxışı bizi məyus etdi. Rəhbərliyin, məşqçilər korpusunun və azarkeşlərin inamına futbolçular dəstək verməli idilər. Daha əzmli olmalı idilər, ancaq buna cavab verə bilmədilər. Ancaq digər tərəfdən məni başıuca edən məqamlar da var. Mən ciddi insanam, istəkli və planlı çalışmağı sevirəm. Azərbaycanda olduğum 6 ay ərzində bunun qarşılığını aldım. Çünki Azərbaycanda ən yaxşı futbol oynayan, rəqibə hücum qurmaq imkanı verməyən və çoxlu qol şansı əldə edən komanda idik. Topa rəqiblərdən çox sahib olurduq. Ancaq qeyd etdiyim kimi, futbolçuların fərdi səhvləri bizə mane oldu”.
Təcrübəli mütəxəssisin fikrincə, komandanın uğursuz nəticə göstərməsinin əsas səbəbi müdafiə xəttinin zəif oynamasıdı: “Bu müddətdə uğurlu olmamağımızın ən böyük səbəbi müdafiənin mərkəzi oldu. Bir sözlə, bizi müdafiə xətti “yıxdı”. Başda Tieqo Xesus olmaqla, bəzən Adrian Skarlatake, bəzən də Rasim Ramaladanovun fərdi səhvləri komandanı uğursuzluğa düçar etdi”.