“Neftçi” Samiri heç yerə buraxmayacaq” - RƏSMİ AÇIQLAMA

20:40 15 Yanvar 2015

“Samir Məsimovu “Adanaspor”a buraxmaq niyyətimiz yoxdur. Çünki bu komanda futbolçumuzun inkişaf edə biləcəyi bir komanda deyil”. 
 

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Neftçi”nin mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Gündüz Abbaszadə deyib. 

O, gənc yarımmüdafiəçi Samir Məsimovun Türkiyə birinci dəstə təmsilçisi “Adanaspor”a keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib: “Bu klubun baş məşqçisi Güvenç Kurtar Məsimovu Azərbaycanda da tanıyır. Bizə heç rəsmi müraciət də daxil olmayıb. Bizim də onu komandadan buraxmaq niyyətimiz yoxdur. Sadəcə dünənki oyunda Kurtar bizim klub rəsmilərindən söz almaq istəyirdi. Amma “Neftçi” Samiri heç yerə buraxmayacaq”.

Abbaszadə “Neftçi”nin transfer çalışmalarını bitirdiyini də qeyd edib: “Biz transfer çalışmalarını bitirmişik. Əcnəbi futbolçu heç gündəmimizdə olmayıb. Ən azından qış “transfer pəncərəsi”ndə belə bir şey olmayacaq. Mövsüm başa çatdıqdan sonra bu məsələyə qayıdıla bilər”.

Klub rəsmisi “Bakı”dan transfer etdikləri gənc hücumçu Rəhman Hacıyevin Türkiyədən deportasiya olunması haqqında xəbərləri də təsdiq edib: “Buna deportasiya deməzdim. Sadəcə qaydalara görə Hacıyev Türkiyədə iş izni olmadan oynadığı üçün 3 aydan sonra Azərbaycana qayıtmalı idi. Amma o, vətənə bir ay gec dönüb və belə də onun Türkiyəyə qayıdışına 3 aylıq qadağa qoyulub. Yeni transferimiz bizim Antalyadakı təlim-məşq toplanışına qoşula bilməyəcək. O, yalnız Bakıdakı hazırlıqlarda komanda ilə birgə olacaq”.


Digər xəbərlər

Xəbər xətti