“Kimlərin oynamasından asılı olmayaraq, “Xəzər Lənkəran” böyük klubdu” - MÜSAHİBƏ

01:20 17 Yanvar 2015

“Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanovun müsahibəsi

 

- Bir müddətdi futboldan kənarsız. Klubların qış hazırlığı ilə maraqlanırsızmı?

- Nəinki qış hazırlıq müddətini, çempionatın ilk 2 dövrəsini də diqqətlə izləmişəm. Stadionlara gedib oyuna baxmışam. Biz futbolun içində olan insanlarıq. Bunun üçün işləməyəndə də futboldan uzaq qala bilmirik.

 

- Qış hazırlığında daha çox hansı məqamlara fikir verilməlidi?

- Qışda keçirilən təlim-məşq toplanışı qış fasiləsinə qədərki problemləri aradan götürmək üçündü. Bu vaxt çox transfer olmur. Ən önəmli vəzifə fiziki hazırlığı yüksək səviyyəyə gətirməkdi. Komandada olan çatışmazlıqlar aradan qaldırılmalıdı. Ehtiyac olarsa, 1-2 transfer edilir. Çempionluğa iddialı klublar qış hazırlığına xüsusilə fikir verməlidilər.

 

- Klublarımızdan bəziləri güclü, bəziləri isə zəif komandaları sparrinq rəqib seçirlər. Sizcə, hansı daha düzgündü?

- Çox yaxşı məqama toxundunuz. Biz “Neftçi”də işlədiyimiz dönəmdə “Beşiktaş”, “Fənərbağça”, Kiyev “Dinamo”su kimi komandalarla qarşılaşmışıq. Zaqreb “Dinamo”sunu da bu siyahıya qatmaq olar. Bu klubların hamısı iddialıdı. “Qarabağ”ın toplanış müddətində “Sürix”lə qarşılaşacağı gözəl məqamdı. “Qəbələ” “Əskişəhərspor”a uduzsa da, rəqibi güclü komanda idi. Bilirsiz, bəzi məşqçilər özlərini sığortlamaq üçün zəif rəqiblər seçirlər. Halbuki bu, aldadıcı olur. Əksinə, güclü rəqiblər seçmək lazımdı ki, zəif cəhətlərini bəlli etmək mümkün olsun. Bir də yoxlama oyunu olsa belə, güclü komandaya qalib gələndə özünəinamın artır. Azərbaycan klubları, konkret olaraq “Neftçi” və “Qarabağ” son illər avrokuboklarda uğurlu nəticə göstərirlər. Buna görə də, hazırlıq müddətində güclü komandalarla qarşılaşmaq lazımdı. Onunla da razıyam ki, təlim-məşq toplanışında güclü komandalarla oyun keçirmək heç də asan iş deyil.

 

- Çempionatın ilk 2 dövrəsini diqqətlə izlədiyinizi vurğuladız. Sizcə, qış fasiləsi hansı komandanın xeyrinə, hansının isə ziyanına ola bilər?

- Son illərdə “Neftçi”, “Qarabağ” və “İnter” stabil çıxış edir. İndi də ilk “üçlük”də məhz bu komandalar yer alıblar. “Xəzər Lənkəran” iddiasından geri çəkildi, gəncləşdirmə siyasətinə keçdi. Amma kimlərin oynamasından asılı olmayaraq, “Xəzər Lənkəran” böyük klubdu. Lənkəran komandası statusunu qorumalı, tez bir zamanda özünə gəlməlidi. Son 4-5 ildə çempionluğa 6 komanda oynayırdı. Amma indi iddialıların sayı azalıb. “Xəzər Lənkəran”ın iddiasından əl çəkməsi çempionluq uğrunda rəqabəti azaldacaq. Yenə deyirəm, bu klub statusunu geri qaytarmalıdı. “Xəzər Lənkəran” azarkeşləri qəbul etməz ki, komandaları “Neftçi” və “Qarabağ”ı “Fırtınalar meydanı”nda bu cür zəif heyətlə qəbul etsin. Keçək “Bakı”ya. Digər klublara səslənirəm ki, “Bakı”dan futbolçu istəməsinlər, əksinə onlara kömək etsinlər. “Bakı”nın gənc oyunçularını transfer edib ehtiyatda oturtmaqdansa, onların elə öz klublarında oynamaları məsləhətdi. “Bakı”ya dəstək göstərmək futbol ictimaiyyətinin mənəvi borcudu. “Qəbələ” çoxlu transferlər edir. Komandaya yeni baş məşqçi gəlib. Bilirsiz ki, Dorinel Muntyanunun işi və etdiyi transferlər uğursuz oldu. Bu günlərdə “Qəbələ” yeni qapıçı gətirdi. Maraqlıdı ki, gələn qapıçı da iddialıdı. Düzdü, rəqabət üçün gözəl imkan yaranıb. Amma mən inanmıram ki, Kamran Ağayev ikinciliklə razılaşsın. Ola bilsin, Kamran “Qəbələ”dən gedə. “Simurq” haqda da qısa fikir bildirim. Onlar qış hazırlığını yüksək səviyyədə keçirə bilsələr və bəxt də köməkləri olsa, mövsümü 4-cü pillədə bitirə bilərlər.

 

- Necə düşünürsüz, çempionluq mübarizəsi əsasən hansı komandaların arasında gedəcək?

- Çoxları deyir ki, “Qarabağ”ın çempionluq mübarizəsində əsas rəqibi “İnter”di. Amma mən bu fikirlə razı deyiləm. “Qarabağ”ın bir nömrəli rəqibi “Neftçi”di. “İnter” iddiasına görə “Qarabağ”la mübarizə aparacaq gücdə deyil. Baş məşqçiləri Kaxaber Sxadadze Gürcüstan yığması ilə anlaşıb və onun fikri artıq ora bağlıdı. Çempionluq uğrunda əsas mübarizə “Qarabağ” və “Neftçi” arasında gedəcək. Təbii ki, “Neftçi” psixoloji, taktiki cəhətdən tam hazır vəziyyətə gələrsə. “İnter” 5 il qabaq çempion olanda “Neftçi” və “Qarabağ” zəif idi. Bu, onlara qarşı təhqir və ya qərəz deyil, real yanaşmadı. “İnter” mənəvi cəhətdən çempionluğa hələ hazır deyil. Bir də ki, süni meydançada oynamaqla böyük klub olunmaz.

 

- “Neftçi” qış “transfer pəncərəsi”ndə heyətinə ancaq yerli futbolçular qatıb. Komandanın bu transfer strategiyasını bəyənirsizmi?

- “Neftçi” həmişə yerli oyunçulara dəyər verib. Biz işlədiyimiz müddətdə də çalışırdıq ki, komandanın öz yetirmələri oynasınlar. Araz Abdullayev, Mirhüseyn Seyidov, Cavid İmamverdiyev, Evin Yunuszadə, Məqsəd İsayev və “Ayntraxt”a transfer olunan Emil Balayevi buna nümunə kimi göstərmək olar. Eyni zamanda, Samir Məsimov kimi xaricdə oynayan azərbaycanlıları komandaya gətirməyə çalışırdıq. Klubun indiki transfer siyasətinə gəldikdə, Rauf Əliyev millinin oyunçusudu. Üstəlik, “Neftçi”nin yerli hücumçuya ehtiyacı var idi. Raufun gəldiyini və Nikolas Kanaleslə Ernest Nforun varlığını nəzərə alsaq, hücum xəttində güclü rəqabət gedəcək. “Neftçi”nin heyəti çempionluğa oynamaq üçün yetərlidi. Sadəcə, komanda özünəinamı qaytarmalıdı. (apasport)


Digər xəbərlər

Xəbər xətti