“Türkiyədəki əməliyyatım uğurlu keçdi. Həkimlər tezliklə məşqlərə başlaya biləcəyimi dedilər”.
Bu sözləri “Xəzər Lənkəran”ın qapıçısı Orxan Sadıqlı deyib.Yanvarın 10-da Ankarada “mensk” əməliyyatı keçirən Sadıqlı ordan birbaşa Azərbaycana qayıdıb. 22 yaşlı qolkiper hazırda Antalyada olan “ağ-yaşıllar”ın qış təlim-məşq toplanışını buraxmaq məcburiyyətində qalacaq. O, hətta bir neçə çempionat oyununda iştirak edə bilməyəcəyini də bildirib: “10 gün evdə müalicə almalıyam. Bundan sonra yüngül məşqlərə başlayacam. 3-4 gün fərdi məşq etdikdən sonra kollektivə qoşulacam. Amma çox güman ki, Premyer Liqada ikinci yarının ilk 3 oyununu buraxmalı olacam”.
Qeyd edək ki, “Xəzər Lənkəran” qış fasiləsindən sonrakı ilk 3 turda müvafiq olaraq “Simurq”, “İnter” və “Böyük oyun”da “Neftçi” ilə qarşılaşacaq. (apasport)