"İnter”in hollandiyalı yeni transferi Ruben Sxaken Antalyaya ezam olunmuş azərbaycanlı jurnalistlərə müsahibə verib.
- "İnter”dəki durumunuzdan razısınız?
- Hər şey qaydasındadır, toplanış da yaxşı keçir, məşqlər də ürəyimcədir. Komandada yaxşı futbolçular var. Mənə gəlincə, komandanın bir hissəsi olmağa hazıram.
- Niyə məhz "İnter”?
- Başqa klublardan da təkliflər var idi. Artıq 32 yaşım var və bunu da nəzərə almaq lazımdır. Məni bura "İnter”in Hollandiyadan olan idman direktoru (Roland Vromansı nəzərdə tutur - red.) dəvət etdi və mən də dəvəti qəbul etdim. Bundan başqa, Bakı haqqında soruşdum, o da ordakı yaşayış haqqında məlumat verdi və mən də gördüm ki, həm özümün, həm də ailəmin bu şəhərdə yaşaması üçün hər cür şərait var. Digər təkliflər uzaq ölkələrdən idi. Məsələn Çindən və bu kimi ölkələrdən. Ona görə həmin təklifləri heç dəyərləndirmədim.
- Komandada daha çox kiminlə dil tapa bilmisiniz?
- Yusef Feniş noyabrda "İnter”ə gəlib və mənə də komandaya uyğunlaşmaqda çox köməyi dəydi.
- Azərbaycanda Hollandiya çempionatından gəlmiş başqa bir futbolçu da var. Söhbət "Qarabağ”da çıxış edən Leroy Corcdan gedir. Onunla münasibətiniz varmı? Ümumiyyətlə, gəlməmişdən əvvəl onunla əlaqə saxlamısınız?
- Onu yaxşı tanıyıram, məndə nömrəsi də var. Amma zəng etməmişəm. Bu, peşəkarlıq baxımından bir az düz çıxmır. Çünki o, başqa komandada oynayır. Həm rəhbərlik də elə qərara gəldi ki, əlavə zənglərə ehtiyac yoxdur.
- Bəs Azərbaycana gəlməmişdən öncə bu ölkə haqqında necə məlumat toplamısınız?
- Azərbaycan haqqında o qədər də çox məlumatım yox idi. Sadəcə, "Google" saytında Bakı haqqında axtarış verdim və məlumatları topladım.