Dünya Güləş Birliyi İdarə Heyətinin növbəti iclası keçirilib

13:01 19 Yanvar 2015

Ötən həftə İsveçrənin Lozanna şəhərində Dünya Güləş Birliyi İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda ölkəmizi Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev təmsil edib.

Beynəlxalq Olimpiya Komitəsinin tələblərinə cavab vermək, güləş idman növünün kütləviliyini artırmaq və təbliğatı genişləndirmək məqsədilə Dünya Güləş Birliyi uzun illərdən qalan ənənələrdə dəyişiklik edib. İlk dəfə 1972-ci il Münhen Yay Olimpiya Oyunlarından tətbiq olunan ənənəvi sarı və qırmızı rəngli güləş döşəkləri tünd göy və narıncı rəngliləri ilə əvəzlənəcək. Bundan başqa, kostyum və qalstukla görüşləri idarə edən hakimlər indi polo koynək və şalvarda olacaqlar. Hazırda göy və qırmızı rəngli trikolarla çıxış edən güləşçilər vahid dizaynlı formaya keçəcəklər. Bu dəyişiklik ilin sonuna qədər həyata keçiriləcək və hər üç güləş növündə tətbiq olunacaq. 

İdarə Heyətinin iclasında Kosovonun Dünya Güləş Birliyinə müvəqqəti üzv kimi qəbul edilməsi qərara alınıb. Qitələr üzrə güləş qurumlarının adlarında da dəyişiklik edilib. Bu qurumların Dünya Güləş Birliyinin regional qurumları kimi qəbul edilməsinə və DGB - Afrika, DGB - Amerika, DGB - Asiya, DGB - Avropa və DGB - Okeaniya kimi adlandırılmasına qərar verilib. 


Digər xəbərlər

Xəbər xətti