Elvin Məmişzadə: "Yenidən 1 nömrə olduğumu sübut etməyə hazıram" - MÜSAHİBƏ

18:25 19 Yanvar 2015

Boks üzrə milli komandamızın üzvü 2010-cu ildə Moskvada keçirilən  Avropa çempionatının gümüş, 2013-cü ildə Minskdəki qitə çempionatının bürünc mükafatçısı Elvin Məmişzadə (52 kq) “Baku Fires” klubunun heyətində yeni mövsümdə ilk döyüşünə hazırlaşır. Həmyerlimiz Karakasda Venesuela boksçusu ilə üz-üzə gələcək. Məmişzadə “Baku Fires” – “İtalia Thunder” (4:1) qaşılaşmasından əvvəl Boks Federasiyasının Mətbuat Xidmətinin suallarını cavablandırıb. 


- Yeni mövsümünün ilk qarşılaşmasında  “Baku Fires”  “İtalia Thunder” komandasını 4:1 hesabı ilə məğlub etdi. Bu görüşü sən də izlədin, fikirlərini bilmək maraqlı olardı. 
- Öncədən də bilirdik ki, İtaliya komandasının heyətində 49 kq çəki dərəcəsində döyüşən Pekin və London Olimpiadalarının bürünc mükafatçısı, Avropa çempionu Patrik Barns güclü boksçudur. 2010-cu ildə Moskvadakı Avropa çempionatının final görüşündə mən də ona uduzmuşdum. O vaxtdan Barns beynəlxalq arenada yüksək səviyyədə çıxış edir. Qalan çəki dərəcələrində döyüşən boksçularmıza inanırdıq və onların hamısı qələbə qazandı. Yeni mövsümə ciddi hazırlaşmışıq. Bir neçə mərhələdən ibarət təlim-məşq toplanışları keçdik. Bu mövsüm iki həftədən bir rinqə çıxmalıyıq. Ona görə də yarışa çox ciddi hazırlaşmışıq.  


- Növbəti görüşünüz Venesuela klubu ilə olacaq. Bu komanda WSB liqasında dübüt edir.  Sən də yeni mövsümdə ilk döyüşünü orada keçirəcən. Rəqib haqda məlumatın varmı?
- Rəqibim Eduard Salas olacaq. Onu 2013-cü ildə Almatıdakı dünya çempionatında məğlub etmişdim. Bu dəfə bizə çətin olacaq. Venesuelaya bir neçə saat uçmalı olacağıq. Həm də saat və iqlim fərqləri də var. Uyğunlaşma baxımından bir az çətinliyimiz ola bilər. Ancaq Venesuelaya güclü heyətlə gedirik. Məndən başqa Albert Səlimov, Yevgeni Romaşkeviç, Soltan Migitinov və Arslanbek Mahmudov rinqə çıxacaq. Onlar kifayət qədər təcrübəli boksçulardır. İkinci görüşdə də qələbə qazanmağa çalışacağıq.


- Sonuncu Azərbaycan Kuboku sənin üçün uğurlu olmadı. 52 kq çəki dərəcəsində əsas fovarit sayılsan da, gözlənilmədən uduzdun. Həmin yarışda nə baş verdi?  
- Heç özüm də bilmirəm, niyə belə oldu. Rəqib də, mən də yaxşı döyüş göstərmədik. Döyüşüm alınmadı. Başqa problem yox idi.

 

- “Baku Fires” klubunun heyətində olduğundan bu günlərdə başa çatan Azərbaycan çempionatında iştirak edə bilmədin. Yenidən birinci nömrə olduğunu necə sübut edəcəksən?
- Əsas məqsədim  WSB liqasından Rio Olimpiadasına lisenziya qazanmaqdır. Əlbəttə, vəsiqə almaq  asan olamayacaq. İki həftədən bir döyüşlərimiz var. Bu qarşılaşmalarda çəki salmaq da çətindir. Amma özümə inanıram. Lisenziya qazana bilməsəm, milli komandanın heyətində dünya çempionatında və digər lisenziya turnirlərində iştirak edəcəm. Əgər rəhbərlik lazım bilsə, yenidən 1-ci nömrə olduğumu sparinq görüşlərində sübut etməyə hazıram. 


- Komandaya yeni yerli boksçular - Tural Əhmədov, Pərviz Bağırov, Nəsrəddin Məmmədov cəlb olunub. Onlar necə təsir bağışlayır? 
- Komandamıza yeni qoşulmuş yerli boksçularla öncədən də söhbət etmişdik. Onlara komandadakı vəziyyət, məşqlər barədə danışmışdıq. Bilirdilər ki, məşqlər yığma komandadan  fərqlidir. Onlar da komandaya çox yaxşı uyğunlaşdılar. Məşqçilər də həmin boksçulardan razıdırlar. 


- Uzun illər olimpiya boksunda çıxış etmisən. Artıq 3 ildir WSB liqasında döyüşürsən. Döyüşdə qaydaların fərqli olduğu məlumdur. Bəs hazırlıq baxımından hansı fərqlər var?
- WSB liqasında məşqlər zamanı fiziki hazırlığa daha çox fikir verilir. Burada güc önəmli rol oynayır. Rəqib də fiziki cəhətdən güclü ola bilər. 5 raund davam gətirmək lazımdır. Düzdür, milli komandada da belə məşqlər olur. Ancaq hər məşqçinin öz taktikası var.


Digər xəbərlər

Xəbər xətti