"Xəzər-Lənkəran"ın futbolçusu : "Aparıcı oyunçuların gedişindən sonra necə olacağını demək çətindir" - MÜSAHİBƏ

18:42 19 Yanvar 2015

"Xəzər Lənkəran"ın futbolçusu Alfred Sankonun müsahibəsi

 

- XL toplanış çərçivəsində üç oyun keçirib, iki dəfə məğlub olub, bir dəfə heç-heçə edib. Bu oyunlardakı çıxışınızı necə qiymətləndirə bilərsiniz?
- İstirahətdən sonra toplanış həmişə ağır keçir. Yüklənmə çoxdur. Buna görə də ilk iki oyun bizim üçün çox çətin keçdi. Son oyunda isə daha rahat oynadıq. Fikrimcə, belə yüklənmə ilə pis oynamadıq.

 

- Son bir ayda komandadan çoxlu futbolçu getdi, onları isə gənclər əvəzlədi...
- Təəssüf ki, bu qədər futbolçu getdi. Çünki birinci və ikinci dövrələrdə pis oynamadıq. Amma bəzi oyunlarda uğursuz çıxış etdik, vacib xallar itirdik. Aparıcı oyunçuların gedişindən sonra necə olacağını demək çətindir.

 

- Bu mövsüm üçün hədəfləriniz nə olacaq?
- Hazırda 5-ci pillədəyik. Amma bizdə yeni komanda formalaşdırılır. Mövsümü neçənci yerdə bitirəcəyimizi demək çətindir. Ola bilər ki, turnir cədvəlində irəliləyək də, geriləyək də. Amma oyunçularımızın maksimum gücünü qoyacağına əminəm. Hər şeyə çempionatın gedişatı aydınlıq gətirəcək.

 

- Bəlkə avrokuboklara vəsiqə qazanmaq üçün əsas gücü kuboka qoymaq lazımdır?
- Komandamızın gücü liderlərlə oyunlarda bilinəcək. Fikrimcə, çempionat və kuboku ayırmağa dəyməz.

 

- Mövsümün geridə qalan dövründə iki qol vurmusunuz. Ola bilər ki, bundan sonra daha çox qol vurub, komandanızın ən yaxşı forvardı olasınız?
- "Sumqayıt" və "Bakı" ilə oyunlarda qol vurmuşdum. Daha üç qol vurmağın əleyhinə olmazdım. Amma mən qol vurmağa çox üstünlük vermirəm. Dayaq yarımmüdafiəçisiyəm. Ona görə də qol vurmaqdan daha çox meydanda başqa işlərlə məşğul olmalıyam.

 

- Geridə qalan yarım ildə xoşunuza gələn və gəlməyən hansı məqamları qeyd edə bilərsiniz?
- Yaxşı məqam kimi, komandanın sərgilədiyi oyundan həzz almağımı qeyd edə bilərəm. Klubun oyun stili xoşuma gəlir. Pis olan isə bəzi oyunlarda motivasiyanın az olmasıdır. Məsələn, evdə "Sumqayıt"a uduzduq. Belə məğlubiyyətlər çox üzücü olur.

 

- Mövsümə Oğuz Çətinin rəhbərliyi altında başladınız, indi isə Elbrus Məmmədovun rəhbərliyi altında məşq edirsiniz...
- Oğuz Çətin yaxşı insan idi. Onun futbolla bağlı ideyaları xoşuam gəlirdi. Belə bir mütəxəssislə çalışmaq çox xoş idi. Çünki o, mənə də oyunlarda şans verirdi. Elbrus Məmmədov da Çətinlə eyni xarakterdədir. Onun da futbolçularla yaxşı münasibəti var. Ümid edirəm ki, hər şey yaxşı olacaq.

 

- Yəqin ki, Azərbaycanda onlara qarşı oynamağı xoşladığınız və ya heyətində oynamaq istədiyiniz klublar var...
- Azərbaycana gələrkən bircə "Neftçi"ni tanıyırdım. Onları Avropa Liqasında görmüşdüm. Həmin komandanın oyunu xoşuma gəlirdi. Amma sonradan "Qarabağ"ı gördüm. Onlar da Avroliqada öz səviyyələrini göstərdilər. Heç kim deyə bilməz ki, "Xəzər Lənkəran" da 1-2 il sonra eyni səviyyəyə qalxa bilməz. O zaman mən bu komandada qalmağıma sevinərəm. (azərisport.az)


Digər xəbərlər

Xəbər xətti