"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muaremin müsahibəsi
- Türkiyənin "Əskişəhərspor" klubuna transferiniz niyə baş tutmadı?
- "Əskişəhərspor" "Qarabağ"a rəsmi təklif göndərdi, məni almaq istədiyini bildirdi. Əlbəttə, buna sevindim. Premyer Liqamızı aşağılamaq istəməzdim, amma təbii ki, hər bir futbolçunun aruzusudur ki, Türkiyə Super Liqasında oynasın. Bunu hələ Azərbaycana gəlməzdən öncə də arzulayırdım. Allaha şükürlər olsun ki, "Qarabağ"da çıxış edirəm. Məhz bu komandadakı çıxışıma görə mənə Türkiyədən belə bir təklif gəlmişdi.
- Bəs transferinizin baş tutmamasını becə qarşıladınız?
- Öncə baş məşqçiylə söhbət etdim. Sonradan məsələ klub rəhbərlikləri çərçivəsində müzakirə olundu. Həmin müzakirələrdən sonra klublar razılığa gələ bilmədilər və mən qalmalı oldum.
- Üzülmədiniz?
- Əksinə, hər şeyin belə başa çatmasına görə şadam. Klublar razılığa gələ bilmədilər. Amma mən də "Qarabağ" rəhbərliyini getməyim üçün nəyəsə məcbur etmədim.
- "Qarabağ" azarkeşlərinin bu transfer söhbətlərinə reaksiyasını necə qarşıladınız?
- Belə ajiotaj gözləmirdim. Şayiələr tez yayıldı. Halbuki, mən komandamın düşərgəsini tərk etməmişdim, burada məşq edirdim. Transfer zamanı belə xəbərlər olur. Əgər Türkiyə klubuna keçsəydim, o zaman özüm də sosial şəbəkələrdəki səhifəmdə bunu yazardım. Azarkeşlərə dəstəyə görə təşəkkürümü bildirirəm. Onlar mənim getməyimi istəmirdilər, buna görə məyus olanlar da var idi. Mən hətta getsəm belə, "Qarabağ"da keçirdiyim günləri heç vaxt unutmayacağam. Çünki ən yaxşı günlərim burada keçib. Çempion olmuşuq, ilk dəfə Avropa Liqasının qrup mərhələsində oynamışıq, 6 xal toplamışıq. Növbəti mərhələyə çıxmağımıza isə Milan "İnter"i ilə oyunun sonlarında vurduğumuz təmiz qolu hesaba almayan hakim mane olub. Bütün bunları unutmaq mümkünsüzdür.
- Hazırlıq prosesi barədə nə deyə bilərsiniz?
- Özünüz də gördünüz ki, Xorvatiya "Split"i ilə oyuna hazır deyildik. Belə oyunlarda bəzən böyük hesabla uduzmaq da olur. Amma bizim üçün nəticə önəmli deyil. Bizim hədəfimiz çempionat oyunlarına hazır olmaqdır. Qarşıda bizim daha çətin oyunların gözlədiyinə şübhə etmirəm. Artıq hamı bizim necə oynadığımızı bilir. Bizə qarşı xüsusi hazırlaşırlar. Şübhəsiz ki, bizə çətin olacaq.
- "Əskişəhərspor"a keçidinizin baş tutmaması sizin "Qarabağ"da bundan sonrakı çıxışınıza təsir göstərməyəcək?
- Qətiyyən yox. Komandamın oyunlarına köklənmək istəyirəm. Mən heç yerə getməmişəm. Maya kimi bu komandanın şərəfini qoruyacağam.
- Mövsümün sonunda müqavilənizin müddəti bitəcək...
- Ondan sonra necə olacağını bir tək Allah bilir. İndi bunu müzakirə edə bilmərəm. İstənilən halda, mayda klub rəhbərliyi ilə görüşüm olacaq və hər şeyə həmin görüşdə aydınlıq gələcək.(azərisport.az)