Maliyyə problemləri ilə üz-üzə qalan “Xəzər Lənkəran” komandadan qaçan bolqarıstanlı yarımmüdafiəçi Qalin İvanov və Makedoniyalı yarımmüdafiəçi Deyan Blajevskinin maaşını hələ də ödəməyib. “
İvanov artıq bununla bağlı cənub klubundan FİFA-ya şikayət edib.
Futbolçunun vəkili Radostin Vasiliyev də saytımıza açıqlamasında bunu təsdiqləyib: “Bəli, biz artıq FİFA-ya şikayət etmişik. “Xəzər Lənkəran” müvəkkilim Qalin Stefanov İvanova 250 min dollar pul ödəməlidir. Həmçinin Azərbaycan klubunu böyük cəza gözləyir. Böyük ehtimalla onlar 6 aylıq transfer etmək hüququndan məhrum ediləcəklər. Biz artıq bütün tələblərimizi FİFA-ya çatdırmışıq. “Xəzər Lənkəran” İvanovu incitdiyi üçün layiqli cəzanı alacaq”.
FİFA-nın media departamentinin əməkdaşı Aleks Sokols isə bu məsələyə belə aydınlıq gətirib: “Bəli, bizə Qalin Srefanov İvanovla bağlı şikayət daxil olub. Hazırda bunun üzərinə araşdırmalar aparılır. Amma cəzalar haqqında sizə heç bir bilgi verə bilmərik. Çünki bu, gizli prosesdir”.
"Deyan Blajevski haqqında sizə şikayət daxil olubmu?" sualına isə qurum rəsmisi belə cavab verib: “Yox. Deyan Blajevski “Xəzər Lənkəran” əleyhinə heç bir şikayət verməyib”.
Qeyd edək ki, "Xəzər Lənkəran" klubunun mövqeyini öyrənmək istəsək də, hazırda komanda Antaliyada təlim-məşq toplanışındadır. Bu səbəbdən onlarla əlaqə saxlaya bilmədik. (qafqazinfo)