Şahin Diniyev : "Böyük dəyişikliklər olmasa da, müsbətə doğru irəliləyiş var" - MÜSAHİBƏ

01:48 23 Yanvar 2015

Məşqçilər Komitəsinin üzvü Şahin Diniyevin müsahibəsi

 

- Yığmanın məşqçiləri ilə yanaşı, Məşqçilər Korpusu da 1 həftədən artıqdı ki, Antalyadadı. Klublarımızın hazırlığını yaxından izləyirsiniz. Hazırkı durum necədi?

- Topaz Premyer Liqanın 6 klubu burada təlim-məşq toplanışındadı. Biz də onların hamısının çıxışlarını izləyirik. Klublarımızla yanaşı, Antalyada toplanışda olan 17 və 16 yaşadək futbolçulardan ibarət milli komandamızın çıxışını da nəzarətdə saxlayırıq. “Qarabağ”ın “Split”lə, eləcə də “Sürix”lə oyunlarına baxdıq. Ağdam klubu meydana optimal heyətlə çıxmamışdı. Təlim-məşq toplanışının və yoldaşlıq oyunlarının faydası çoxdu. Baş məşqçi istədiyi futbolçunu istənilən mövqedə sınaya bilir. Ayın 23-də “Qəbələ”nin “Kuban”la matçını izləyəcəyik. “Simurq”, “İnter”, “Qarabağ” pis təsir bağışlamırlar. Böyük dəyişikliklər olmasa da, müsbətə doğru irəliləyiş var. Ümumiyyətlə, əksər klublarımızın burada olması, güclü rəqiblərlə yoxlama görüşü keçirməsi müsbət məqamdı. Daha kiminlə gəldi oynamırıq. “Neftçi”yə gəldikdə, onların “Elazığspor”la matçına baxdıq. Onlar qarışıq heyətlə oynadı. Aydın məsələdir ki, baş məşqçi təlim-məşq toplanışında sərəncamında olan bütün futbolçuları sınamaq istəyir. Fiziki cəhətdən normal səviyyəyə gəlib çatıblar. Taktiki cəhətdən komandanın daha yaxşı vəziyyətə gətirilməsi, heyətin qurulması, oyunun alınması üçün isə işlər davam edir. Hesaba görə yox, amma oyuna görə “Neftçi” rəqibdən üstün idi.

 

- “Elazığspor”la oyunda “Neftçi”nin start heyətində gənclərə şans verildi. Arif Əsədov 6 gənci meydana buraxmışdı. Onların çıxışı necə təsir bağışladı?

- İlk “11-lik”də 6 gənc futbolçunun meydana çıxması müsbət məqamdı. “Neftçi” həmişə milli komanda üçün futbolçu hazırlayıb. Bu baxımdan “Neftçi” və “Qarabağ” Azərbaycanda öndə gedir. Gənclər güclü rəqiblərlə qarşılaşmalıdılar ki, yaxşı futbolçu kimi formalaşa bilsinlər. Ciddi səhvlər olmadı. Kollektivə uyğunlaşıblar. Oynadıqca, təcrübələri də artacaq.

 

- Millinin baş məşqçisi Robert Prosineçki ilə eyni oteldə qalırsız. Maraqlıdır, söhbətlər zamanı hansı məsələləri müzakirə edirsiz?

- Hər gün fikir mübadiləsi aparırıq. Futbola hərənin öz baxışı var. Məşqçilər Komitəsinin işi milliyə oyunçu təklif etmək deyil. Baş məşqçinin işinə də müdaxilə etmək fikrimiz yoxdu. O nə istəyirsə, dərhal həmin məlumatları təqdim edirik. Hər birimizin istəyi futbolumuzun inkişaf etməsidi. Uğur da, uğursuzluq da hamımızındı. Oteldə 20 yanvar faciəsini də birgə qeyd etdik. Xarici məşqçilərin dərdimizə şərik çıxması müsbət haldı. Xoş gündə də, matəmdə də bir yerdəyik.

 

- Son günlərdə Premyer Liqadakı legioner limiti tez-tez gündəmə gəlir. Bu məsələdə klubların mövqeyi nədir?

- Antalyada olan klubun rəhbərliyi və baş məşqçiləri ilə görüşdük. Biz sadəcə onlara qulaq asmışıq. Heç bir fikrə münasibət bildirməmişik. Yaxşı təklifləri özümüz üçün qeyd etmişik. Hər klub istədiyi təklifi irəli sürüb. Biz də istəyirik ki, futbolumuzu irəli aparan mexanizm olsun. Çünki 2020-ci ildə uğur qazanmaq üçün qarşıdakı 5-6 ildə futbolumuzda ciddi dəyişikliklər olmalıdı.

 

- Legioner limiti ilə bağlı onlar hansı təklifi irəli sürüblər?

- Görüşlər zamanı yalnız limit məsələsini müzakirə etməmişik. Hər klub məqbul hesab etdiyi təklifləri çatdırıb. Bəli, aralarında reallığa yaxın olanı da var, olmayanı da. Hazırda böyük proyekt üzərində çalışırıq. İstəyirik ki, burada hər şey əhatə olunsun: uşaq futbolu, milli, klublar və s. Ortaq məxrəcə gəlmək lazımdı. Amma klubun inkişafı üçün onlar təkcə özlərini yox, ümumən futbolumuzun inkişafını düşünməlidilər.

 

- Klublarımız limitin artırılmasının tərəfdarıdırlar?

- Söhbət yalnız limitin azaldılıb və ya çoxaldılmasından getmir. Başqa problemlər də var və çoxdu. Nəyisə dəyişmək asandı, amma elə etmək lazımdı ki, düzgün qərar verilsin. Seçəcəyimiz sistem daimi olmalıdır. Çalışmalıyıq ki, səhvə yol verməyək. Legionerlərin sayının azaldılmasının tərəfdarı olanlar da var. Bu bizim üçün də gözlənilməzdi. Elə xarici məşqçi var ki, yerlilərin sayının artırılmasının tərəfdarıdı.

 

- Dəyişiklik olsa, bu yəqin yeni mövsümdən şamil ediləcək?

- Vəzifəmiz bütün fikirləri, təklifləri ümumiləşdirib, rəhbərliyə təqdim etməkdi. Yekun qərarı isə AFFA rəhbərliyi verəcək. Çalışırıq ki, qəbul olunacaq qərar bütün tərəflərə sərf edən olsun. Lakin dediyim kimi, bu məsələdə son nöqtəni AFFA rəhbərliyi qoyacaq. (apasport.az)


Digər xəbərlər

Xəbər xətti