İlham Əliyev : "Olimpiya Oyunları zamanı bütün müharibələr dayandırılmalıdır"

19:30 23 Yanvar 2015

“Ümidvarıq ki, bütün ölkələr “Bakı-2015” ilk Avropa Oyunlarına güclü atletlərini göndərəcəklər. Çünki Avropa Oyunlarının standartları müəyyən dərəcədə məhz Bakıda müəyyənləşdiriləcək. Oyunların təşkil edilməsi forması, ola bilsin ki, digər şəhərlər üçün də örnək olacaq. Ümidvaram ki, növbəti Avropa Oyunlarını öz ölkəsində qəbul etmək arzusunda olan bir çox namizədlər də olacaq”.

 

Sportarena.az APA-ya istinadən xəbər verir ki, bunu Davosda keçirilən “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.

 

“Biz qonaqları və turistləri gözləyirik. İndi hazırlıq işinin son mərhələsindəyik. Əlbəttə ki, Oyunlar bizə onsuz da həyata keçirilməli layihələri daha qısa müddət ərzində reallaşdırmaq imkanını yaratdı. Müasir idman infrastrukturunun yaradılması sahəsində çoxlu işlər aparılıb. Hazırda biz Xəzər dənizinin sahilində Bakı İdman Şəhərciyini yaradırıq. Nəqliyyat infrastrukturumuzu yeniləşdiririk. Bu, əlbəttə, regionda ən yaxşı şəbəkələrdən biri olacaq. Bakıda yeni mehmanxanalar açılır. Eyni zamanda, Xəzərin sahilində uzunluğu 16 kilometr olan yeni gəzinti zonası yaradılır. Bu, qonaqlar, idmançılar və turistlər üçün gözəl məkan olacaq”, - deyə dövlət başçısı vurğulayıb.

 

Azərbaycan prezidenti qeyd edib ki, bu Oyunların Bakıda keçirilməsi haqqında qəbul edilmiş qərarın bir səbəbi də atletlərimizin nailiyyətləri ilə bağlıdır: “Azərbaycan müstəqillik illəri ərzində özünü həm də idman ənənələri ilə seçilən ölkə kimi tanıdıb. Sonuncu London Olimpiya Oyunlarındakı iştirakımız ölkəmiz üçün çox vacib olub. On medal qazandıq, onlardan ikisi qızıldır. Biz dünya ölkələri arasında 30-cu, Avropa ölkələri arasında isə 15-ci olduq. Zənnimcə, səbəblərdən biri bu idi. Digər səbəb Azərbaycanın sürətli inkişafı ilə bağlıdır. Müstəqillik illəri, xüsusən də son on il ərzində iqtisadiyyatımız üç dəfədən çox artıb. Davos Dünya İqtisadi Forumu qlobal rəqabətlilik reytinqinə görə Azərbaycanı 38-ci yerdə qərarlaşdırır. İqtisadi inkişaf və müasir infrastruktur Oyunların Bakıda keçirilməsi barədə qərarın qəbulunda rol oynadı”.

 

Bakıda ilk Avropa Oyunlarının keçirilməsinə beş aydan az vaxt qaldığını deyən dövlət başçısı qeyd edib ki, bu Oyunlar əvvəllər heç vaxt keçirilməyib: “Digər qitə oyunlarından fərqli olaraq, Avropa Oyunları heç vaxt təşkil olunmayıb. Biz bu Oyunları Azərbaycanda keçirmək qərarına görə Avropa Olimpiya ailəsinə olduqca minnətdarıq. Qərar 2012-ci ilin sonlarında qəbul olunub. Bilirsiniz ki, qış Olimpiya Oyunlarından daha böyük olan Avropa Oyunlarına hazırlıq üçün cəmi iki il yarım vaxtımız var idi. İyirmi idman növü üzrə yarışacaq 6 mindən artıq atletin gəlməsini gözləyirik. Həmin idman növlərindən 16-sı Olimpiya idman növüdür. İki il yarım təbii ki, çox məhdud vaxt çərçivəsidir. Lakin Avropa Olimpiya Komitəsinin böyük dəstəyi ilə Təşkilat Komitəsi olaraq ürəkdən çalışırıq. Biz güclü tərəfdaşlıq qurmuşuq və bu gün Oyunları mümkün qədər ən yüksək səviyyədə təşkil etmək məqsədilə 40-dan artıq ölkənin nümayəndələrinin çalışdığı beynəlxalq komandamız var”.

 

Prezident İ. Əliyev qeyd edib ki, son illər ərzində Azərbaycanda idman infrastrukturunun inkişafı ölkəmiz üçün çox əhəmiyyətli məsələ olub: “Fəxr edirik ki, 2015-ci il Avropa Oyunlarından sonra 2016-cı ildə biz Dünya Şahmat Olimpiadasını keçirəcəyik və eyni zamanda, ilk dəfə olaraq, “Formula – 1” yarışmaları regionumuza gələcək. Bu yarış şəhər daxilində baş tutacaq. 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik. Bu oyunlar müsəlman dünyasını bir araya gətirir. Bunun çox rəmzi mənası var. İki il ərzində Bakı Avropa Oyunlarını və İslam Oyunlarını qəbul edəcək. Azərbaycan bütün dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı çoxmillətli və çoxkonfessiyalı, çoxmədəniyyətli ölkədir. Bu yaxınlarda Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında qəbul edilmiş qərarın tarixi əsasları var. Bu, dövlət siyasətimizin real təzahürüdür”.

 

İdmanın yer üzünün insanlarını birləşdirdiyini deyən Azərbaycan prezidenti qeyd edib ki, Olimpiya Oyunları zamanı bütün müharibələr dayandırılmalıdır: “Bir-biri ilə müharibə şəraitində olan ölkələrin idmançıları yarışlar zamanı ədalətli şəkildə mübarizə aparırlar, əllərini sıxır və qalib gələni təbrik edirlər. Budur idman. Bu, Olimpiya hərəkatını və bütün dünya xalqlarını birləşdirən nadir fürsətdir. Beləliklə, ümid edirik ki, Avropa Oyunları dostluq, tərəfdaşlıq Oyunları olacaq. Qələbələr hamımız tərəfindən qeyd ediləcək və mən bu fürsətdən istifadə edərək, sizin hamınızı dəvət etmək istərdim. Bakıda qonağımız olun! Ümidvaram ki, sizi iyunun əvvəlində şəhərimizdə görəcəyik və bu cür yüksək nailiyyəti bir yerdə seyr edəcəyik”.


Digər xəbərlər

Xəbər xətti