Qurban Qurbanov məni bəyənsə də, "Qarabağ"a keçidim alınmadı - FOTO + MÜSAHİBƏ

17:27 24 Yanvar 2015

Ukraynanın "Dnepr" klubunun yarımmüdafiəçisi Dmitri Nağıyevin müsahibəsi

 

- "Dnepr"də neçə ildir çıxış edirsiniz?
- Üç ildir. Öncə U-19 komandasında, indi isə əvəzedici heyətdə.

 

- Yığmaya dəvət olunmusunuz?
- Azərbaycanın gənclərdən ibarət yığmasında bir dəfə olmuşam. Baş məşqçi Bernard Lippert mənə dəvət göndərmişdi. Küveytlə yoxlama oyununda meydana da çıxmışdım.

 

- Bəs sonralar niyə dəvət olunmadınız?
- Bilmirəm. Lippert oyundan sonra özümü yaxşı tərəfdən göstərdiyimi də bildirmişdi. Sadəcə, klubumda uzun müddət oynamırdım. İndi isə vəziyyət yaxşıdır.

 

- Yenidən dəvət gözləyirsiniz?
- Klubumda məşq edirəm, oynayıram. Peşəkar səviyyəyə qalxmağa çalışıram. Milliyə çağırılmağım isə məşqçilərdən asılıdır.

 

- Əsas yığmamızın işləri ilə maraqlanırsınız?
- Bəli, əlbəttə. Bilirəm ki, komandaya yeni baş məşqçi təyin olunub - Robert Prosineçki. Berti Foqts da yaxşı mütəxəssis idi, amma komandanı maksimum səviyyəyə çatdıra bilmədi.

 

- "Qəbələ" və "Qarabağ"da baxışda olmusunuz. Niyə alınmadı?
- "Qəbələ"nin baş məşqçisi və köməkçiləri ilə görüşüm oldu. Onlar mənim oyunumdan razı idilər. Amma mənə "Dnepr"lə münasibətlərimi yoluna qoymağımı istədilər. Oradan isə məni buraxmadılar. Ukraynalılar mənimlə uzunmüddətli müqavilə bağlayıb, "Qəbələ"yə icarəyə vermək istədiklərini bildirdilər. Bu da Azərbaycan klubunu qane etmədi. Sonra "Qarabağ"ın düşərgəsinə yollandım. Qurban Qurbanov da məndən razı qaldı, amma sonra transferin niyə alınmadığını özüm də bilmədim.

 

- Qurbanov necə təsir bağışladı?
- Əla məşqçidir. Mənə bunu anlamaq üçün üc gün bəs etdi.

 

- Azərbaycandan başqa təkliflər var?

- Hələ yox.

 

- "Qarabağ"ın Avropa Liqasındakı çıxışını qalmaqallı şəkildə başa vurmasını "Dnepr"də necə qarşıladılar?
- Hamı "Qarabağ"ın qrup mərhələsinə çıxmasına təəccüblənmişdi. Amma mən uşaqlara demişdim ki, "Qarabağ" hətta qrupdan çıxmaq üçün də mübarizə aparacaq. Onlar mənə inanmırdılar. Elə də oldu. Sadəcə, hakim səhvi hər şeyi korladı. Həmin səhv olmasaydı, indi növbəti mərhələdə "Dnepr" yox, "Qarabağ" olardı. (azərisport.az)


Digər xəbərlər

Xəbər xətti