“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi, hazırda vətəni Rumıniyada “Petrolul” klubunu çalışdıran Mirça Rednikin müsahibəsi
- Yeni komandanız “Petrolul”da işləriniz necə gedir?
- “Petrolul” mənim üçün yeni komanda deyil. “Standard”a getməzdən öncə bu klubda işləmişdim. Klub rəsmilərini, futbolçuların çoxunu öncədən tanıyıram. Düzdü, prezidentlə bağlı bəzi problemlər var. Amma düşünürəm ki, gələn həftə bu problem də yoluna qoyulacaq. “Petrolul” yaxşı komandadı. Ötən il ölkə kubokunu qazanıb, Avroliqada iştirak edib. Ancaq hazırlığa təzə başlamışıq. Görüləcək işlərimiz çoxdu.
- Qarşınıza qoyulan hədəf nədi?
- Artıq ölkə kubokunun yarımfinalındayıq. “Styaua” ilə qarşılaşacağıq. Çempionata da bu komanda başçılıq edir. Hazırda 3-cü pillədəyik, liderdən 10 xal geri qalırıq. Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdı.
- 2 gün öncə “Neftçi” ilə keçirdiyiniz yoxlama görüşündə 0:1 hesabı ilə uduzdunuz. Məğlubiyyəti necə şərh edərdiniz və bu “Neftçi” ilə əvvəllər Azərbaycan çempionatında qarşılaşdığınız “Neftçi” arasında hansı fərqlər var?
- Biz hazırlığa cəmi bir həftədi başlamışıq. Hazırda fiziki yükləmələr gedir. 25 futbolçumuz var. Yeni baş məşqçi olduğum üçün də hamıya şans verdim ki, kimin nəyə qadir olduğunu görüm. Bu səbəbdən nəticəyə önəm vermirəm. Həm də “Petrolul”un 3 aparıcı üzvü dünənki görüşdə iştirak etmədi. Çox güman ki, onları xarici klublara satacağıq. Sualınızın ikinci hissəsinə gəlincə, mənə elə gəlir ki, o vaxtkı “Neftçi” indikindən daha güclü idi.
- “Petrolul”un avrokuboklara iddia etdiyi vurğuladınız. Azərbaycan çempionatına bələd olduğunuzdan, hansısa azərbaycanlı futbolçu komandanızın formasını geyinməyə iddia edə bilərmi?
- Əminliklə deyirəm, Rahid Əmirquliyev mənim komandamda oynaya bilər. Bəzi güclü azərbaycanlı futbolçularla əcnəbilərin vəhdətindən yaxşı komanda düzəltmək olar. Buna nümunə kimi, “Qarabağ”ı göstərərdim. Bu komandanın uğurunun səbəbi rəhbərliyin 6 ildən çoxdu baş məşqçi Qurban Qurbanova güvənməyidi. “Qarabağ”ın artıq oturuşmuş heyəti, öz fəlsəfəsi var. Amma məni Azərbaycanda yalnız “Xəzər Lənkəran” maraqlandırır.
- Amma sabiq komandanız cari mövsümdə əvvəlki kimi iddialı deyil...
- Çox məyusam ki, “Xəzər Lənkəran” hazırda turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. Bu komandanı həmişə liderlər qrupunda görmək istəyirəm. Orta sıralarda olanda üzülürəm. Ən yaxşı komanda qurmaq üçün Lənkəranda hər cür şərait var. Zəngin prezidentə, Azərbaycanda ən möhtəşəm azarkeşlərə, məşq etmək üçün hər cür şəraitə malik komandadı.
- Sizdən sonra komandanın “sükanı arxası”na uelsli Con Toşak, türkiyəlilər Mustafa Dənizli ilə Oğuz Çətin kimi məşhur mütəxəssislər gəldi. Lakin onlar komandaya çempionatda istədiyi nəticəni qazandıra bilmədilər...
- İşə yanaşma tərzindən çox şey asılıdı. Bəlkə onlardan hansısa həqiqətən çalışmaq üçün, hansısa sırf pula görə gəlmişdi. Amma biz Lənkəranda olanda yalnız iş barədə düşünürdük, çox həvəslə çalışırdıq. Mən Lənkərana gələndə, özümü lənkəranlı kimi hiss elədim. Çünki onlar futbolla nəfəs alırlar. Mən də buna uyğun iş görməyə, onların həzz ala biləcəyi bir komanda qurmağa çalışdım.
- “Xəzər Lənkəran”dan 4 ildi ayrılmağınıza baxmayaraq, hələ də yerli azarkeşlər sizdən danışır, barənizdə müsbət fikirlər səsləndirirlər. Bununla yanaşı, sizdən narazı futbolçular da var idi...
- Ola bilər. Ağır məşqlərə tab gətirə bilməyən, yükləmələri sevməyən futbolçular belə düşünə bilərlər. Yerli camaatın mənə olan sevgisini qısqananların olması da mümkündü. Məhz həmin dövrdən sonra komanda uğursuzluğa düçar oldu.
- “Həmin dövr” deyəndə, yəqin ki, Bakıda əzəli rəqibiniz “Neftçi”yə 0:5 hesabı ilə uduzduğunuz matçı nəzərdə tutursunuz. Düşünmürsünüz ki, sizə inamın itməsində sizdən narazı bəzi futbolçuların da rolu olub?
- Həmin görüşü yaxşı xatırlayıram. Bir çox məsələ vardı. Onlardan biri də Kamran Ağayevin tam hazır vəziyyətdə olmasına baxmayaraq, bilərəkdən oynamaq istəməməyi idi. Amma mən bütün pislikləri unuduram, yaxşı insan olmağa çalışıram. Düşünürəm ki, mən uduzmadım. Daha böyük futbol ölkələrinə getdim. Belçikada çalışdım, adlı-sanlı klublara rəhbərlik etdim. Mən getdikdən sonra rəhbərlik komanda üçün yüksək məbləğdə pul xərcləməsinə baxmayaraq, təəssüf ki, uğur qazanılmadı.
- “Xəzər Lənkəran”da hər dəfə baş məşqçi istefa verəndə, sizin adınız gündəmə gəlir. Belə bir təklif gələrsə, qəbul edərsinizmi və qəbul edəcəyiniz təqdirdə əvvəlki strategiyanızı dəyişəcəksinizmi?
- Mən öz strategiyamı heç vaxt dəyişmərəm. Təbii ki, insan səhvdən nəticə çıxarır. Mən də həmin səhvləri təkrarlamamağa çalışaram. (apasport.az)