Norveçlilərdən tərbiyəsizlik: 620 manata görə beynəlxalq qalmaqal!

13:12 26 Yanvar 2015

“Stod Volley”in voleybolçuları “Anatolia”nın mühafizəçisini döyüb


“Azərreyl”in “Çağırış” kubokunun 1/8 finalında mübarizəni dayandırdığını bilirsiz. Xatırladaq ki, təmsilçimiz yanvarın 22-də “qızıl” setdə “Stod Volley”ə uduzaraq, çıxışını başa vurub. Ancaq Norveç klubunun Bakı səfəri qalmaqalsız ötüşməyib. "Rekord.az" xəbər verir ki, bu klubla məskunlaşdıqları “Anatolia” oteli arasında fikir ayrılığı yarandığından hadisə böyüyüb. Norveç mətbuatı məsələni gündəmə gətirdikdən sonra “Stod Volley”in meneceri Sveyn Mir “Azadlıq” radiosuna deyib ki, “Anatolia” otelini onlara “Azəreyl”in rəhbərliyi məsləhət bilib. Onlar da internet vasitəsilə orda komandaya 2 günlük yer sifariş edərək pulunu da əvvəlcədən ödəyiblər. Sonradan mehmanxanadan daha sərfəli təklif alaraq qəbul ediblər: “Təyyarənin uçmasına xeyli vaxt var idi, Bakıya ekskursiyaya çıxmışdıq. Otelə qayıdıb əşyalarımızı götürmək istəyəndə, məlum oldu ki, bütün otaqların qapısı bağlanıb. Bizdən əlavə pul tələb etdilər. Hesabın artıq ödənildiyini dedim, ödəmə qəbzini göstərdim və tələb olunan pulu verməkdən imtina etdim. Bundan sonra otel rənbərliyi giriş-çıxış qapısını da bağlayaraq polis çağırdı. Mübahisə uzandıqca təyyarənin uçuş vaxtı yaxınlaşırdı. Norveç səfirliyinin nümayəndəsi polisin işə qarışdığını biləndə məsləhət gördü ki, pulu ödəyək. Mənə dedilər ki, belə hallar əvvələr də olub. Azərbaycanlılar uduzmağı sevmirlər. “Anatolia” otelinin sahibi Azərbaycan Voleybol Federasiyasının prezidentidi”.


Məsələ ilə bağlı öncə AVF-nin mətbuat katibi Zöhrab Gözəlbəylinin münasibətini öyrəndik: “Bütün mətbu orqanlara sabah bu haqda rəsmi bəyanat verəcəyik. Norveç klubu 2 dəfə rezervasiyadan keçdiklərindən bu problem yaranıb. Onlar ya turizm agentliyinin, ya da otelin təklif etdiyi paketdən imtina etməliydilər. Bunu etmədiklərindən ortada belə anlaşmazlıq əmələ gəlib. Bir şeyi qeyd edim ki, AVF rəhbərliyindən heç kimin “Anatolia” ilə heç bir bağlılığı yoxdu. Digər tərəfdən onlar otel seçimində azad idi. Bu mehmanxanada Çempionlar Liqasında çıxış edən nüfuzlu klublar və yığmalar məskunlaşıb. Heç vaxt belə şikayət də olmayıb. Yəqin ki, otel özü də açıqlama verəcək. Əslində “Stod Volley”in Bakıya gəlməsi sual altında idi. Biz onlara viza üçün dəvətnamə göndərmişdik. Onlar səfirliyimizə vaxtında müraciət etmədiyindən Bakıya oyundan öncə gəlmələri sual altına düşmüşdü. Buna baxmayaraq, geniş ürəyimizi ortaya qoyub, istisna hal kimi, hava limanında vizalarına sahib çıxmalarını təmin etmişdik. Qarşılaşmanı canlı izləyənlər arasında sanballı qonaqlar da var idi. Hər hansı problemdən söhbət gedə bilməzdi. Ertəsi gün “Azərreyl” təmənnasız onlara avtobus ayırdı ki, şəhərdə ekskursiya etsinlər. Bunlar hansı iddia ilə çıxış edirlər? Əksinə, komandamız Norveçdə problemlə üzləşib. Hətta pulu öncədən verməsəz, axşam yeməyini verməyəcəyik deyiblər. Günah bizdədi ki, qonaqlara həddən artıq diqqət və qayğı göstəririk. Gərək elə onlar kimi olasan. Avropa Voleybol Konfederasiyasına (CEV) şikayət edəcəyik. “Stod Volley” üzr istəməli və cəzalanmalıdı”. 


Otelin müdiri Anar Hüseynovla da əlaqə saxladıq: “Problem təxminən 620 manata görə baş verib. Onlar öncə Norveçdəki turizm agentliyi vasitəsiylə rezervasiyadan keçiblər. Ancaq bizə cəmi 5-6 nəfərin adı gəldi. Daha sonra otelimizə məktub göndərərək onlara yer ayırmağımızı xahiş etdilər. Biz burda 2 paketdən birini seçmələrini istədik. Onlar fərqi soruşdu. Biz də söylədik ki, digərindən fərqli, bizdə gün ərzində 3 yemək də paketə daxildi. Onlar da bizim paketi seçdilər. Norveçlilərə dedik ki, agentliyə zəng vurun, rezervasiyanı ləğv edin. “Özümüz həll edəcəyik” söylədilər. Bilirdik ki, bunu edə bilməyəcəklər. Çünki bunun üçün agentliyi otelə girməzdən 24 saat öncə xəbərdar etməliydilər. Agentlik də bunlara rezervasiyaya görə pul yazıb. Onlar bizdən həmin pulu hesaba almağı tələb edirdilər. Otelçilik biznesində belə şey yoxdu. Son nəticədə ortada anlaşmazlıq yarandı. “Stod Volley”in meneceri satış menecerimizi, qadın voleybolçular isə mühafizəçimizi döydü. Sonda ödəniş edildi. Səhv hərəkət etmişdiksə, Norveçin ölkəmizdəki səfirliyinə müraciət edə bilərdilər. Biz ümumiyyətlə, polis çağırmamışıq. Onların bu iddiası da tam əsassızdı. Onlar gedəndən sonra gördük ki, idmançılar qaldıqları otaqlarda yatağı mundarlayıblar, hamamı pis günə qoyublar. Bunun şəkilləri də var. Norveçlilər ağızlarına gələni yazır. 2009-dan müxtəlif idman növləri üzrə qonaqları, komandaları qəbul edirik. Heç vaxt bizdə belə problem olmayıb. İdmanda biri udanda, digəri uduzar. Buna görə süni problem çıxarası deyilik ki. Norveçdən bizə zəng vururlar ki, niyə millətimizin nümayəndələrini incitmisiz. Səfirliyə də sabah yollanacağıq. Qapıların bağlanmasına gəlincə, çıxış günü 12.00-da otaqların qapısı bağlanır ki, bunda da hər hansı qanun pozuntusu yoxdu”.


Göründüyü kimi, o qədər də böyük olmayan məbləğə görə ortada ciddi qalmaqal yaranıb. Hər halda, yaxın günlərdə kimin haqlı, kimin haqsız olduğu üzə çıxacaq. Problemlə bağlı Norveç səfirliyi bu gün bəyanat yaysa, daha yaxşı olar.     


Bu arada əldə etdiyimiz məlumata görə, “Azərreyl” Norveçə yollanarkən süni əngəllərlə üzləşib. Viza üçün dəvətnaməni 10 gün ləngidən “Stod Volley” Steynkyer – Oslo marşrutunda da problem yaradıb. Belə ki, avtobus iki şəhər arasında çox ləngidiyindən komandamız son anda hava limanına çatıb.

 

"Futbol+" qəzeti


Xəbər xətti