Karyerası ərzində “Turan”, “Şəfa”, “Xəzər Lənkəran” və “Bakı”nın formasını geyinmiş Kamran Ağayev “Qəbələ”dən ayrılmaq üzrədi.Yığmamızın qapıçısı artıq bunu həyata keçirmək barədə düşünür.
Belə ki, ukraynalı qapıçı Dmitri Bezotosnının gəlişi Kamran Ağayevin “Qəbələ”yə, konkret yeni baş məşqçi Roman Qriqorçuka lazım olmadığını ortaya çıxardı. Antalya toplanışı dönəmində ukraynalı qolkiperin yüksək səviyyədə çıxışı Ağayevin Topaz Premyer Liqasının ikinci yarısında əsas heyətdən kənarda qalacağına bir işarə oldu. İşinə olduqca peşəkar yanaşan Bezotosnı qısa müddətdə bir növ komandanın liderinə çevrildi.
“Qəbələ”də “artıq” olduğunu Kamran Ağayev özü də başa düşür. Elə bu üzdəndi ki, 29 yaşlı qolkiper Türkiyədə olduğu müddətdə həmkarı ilə rəqabət aparmaq əvəzinə vaxtının çoxunu menecerlərlə bir arada keçirdi. Bir müddət təklif gözləyən qapıçı artıq yerli və türkiyəli menecerlərdən konkret iş görməyi tələb edib.
Ağayev karyerasını Türkiyənin PTT I liqasının iddialı komandalarından birində davam etdirmək niyyətindədi. “Transfer pəncərəsi”nin də bağlanmasına çox az vaxt qaldığından, qapıçı bu məsələnin sürətlənməsi üçün təlimatlarını verib. Əks təqdirdə, mövsümün qalan hissəsini ən yaxşı halda ehtiyatda keçirəcəyini bilir. (apasport)