“Çempionata həvəslə hazırlaşırıq. Komandamız gənc futbolçulardan təşkil olunub. Düzdür, onların çoxu Premyer Liqada birinci dəfə oynayacaqlar. Amma hər şey özümüzdən asılıdır. Tapşırıqları düzgün yerinə yetirsək, uğur qazanacağıq. Tam mükəmməl heyətə sahib olmaq üçün hələ zamana ehtiyacımız var”.
Sportarena.az xəbər verir ki, bu sözləri “Simurq”la səfər oyunundan öncə Qol.Az saytına açıqlamasında “Xəzər Lənkaran”ın qapıçısı Vyekoslav Tomiç deyib.
Xorvatiyalı əlcək sahibi “Simurq”un çətin rəqib olduğunu, buna baxmayaraq, görüşdən qələbə ilə ayrılacaqlarına inandığını bildirib:
“Çox çətin qarşılaşma olacaq. İlk matçda istənilən oyun stilini qurmaq heç də asan deyil. ”Simurq” yaxşı futbolçulardan təşkil olunmuş komandadır. Turnir cədvəlində də bizdən bir xal öndədirlər. Gənc heyətlə onlara qarşı mübarizəmiz heç də asan olmayacaq. Buna baxmayaraq səfərdən üç xalla dönəcəyimizə əminəm. Özünüz də bilirsiniz ki, əvvəli heyətdən 4-5 futbolçu qalıb. Bütün bunlara baxmayaraq əlimizdən gələnin ən yaxşısını edəcəyik”.
Xatırladaq ki, fevralın 1-də Zaqatala şəhər stadionunda keçiriləcək “Simurq”- “Xəzər Lənkaran” matçı saat 17:00-da başlayacaq.