"Müstəqillikdən sonra AFFA yarananda Tofiq Bəhramov Hakimlər Komitəsinin sədri, mən də onun müavini idim. Sonra Tofiq müəllim baş katib, mən isə Hakimlər Komitəsinin sədri oldum".
Sportarena.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında veteran hakim Rüstəm Rəhimov deyib.
Tofiq Bəhramovun hakimliyindən söz açan R.Rəhimov onunla 15 ildən artıq birgə işlədiyini deyib: "Müstəqillik olmamışdan qabaq biz Hakimlər Komitəsinə birgə rəhbərlik edirdik. Eyni zamanda sovetin vaxtında təlim-məşq toplanışında rəhbərlərdən biri kimi iştirak edirdi. Tofiq Bəhramov elə bir iz qoydu ki, inanmıram yaxın 50 ildə azərbaycanlı və ya hansısa müsəlman hakim gedib dünya çempionatında final oyunu idarə etsin. Eyni zamanda, Toqif Bəhramov 1972-ci ildə qitələrarası çempionatın finalını da idarə edib. Bu oyunda Argentinanın "İndepente" və Hollandiyanın "Ayaks" klubu qarşı-qarşıya gəlmişdi. Eyni zamanda, o öz dövründə Sovet İttifaqı və xaricdə mötəbər oyunları idarə etdi. 1971-ci ildə dahi qapıçı Lev Yaşinin oyununu idarə edib. Moskvada MOİK-lə "Dinamo"nun (Moskva) çempionluq oyununda fit çalıb. İlk növbədə dünya çempionatının final mərhələsini idarə edib. Tofiq müəllim bundan əlavə sakit, mülayim insan idi. Hakimlərimizin yetişməsində onun böyük zəhməti olub. İki ildir Moskva şəhərində Rusiya hökuməti və Azərbaycan səfirliyi ilə birgə futzal turniri keçiririk. Bu dəfə lap yüksək səviyyədə təşkil olunmuşdu və 14-ə yaxın komanda çıxış etdi. T.Bəhramovun nəvəsi ilə həmin tədbirə qatıldıq və səfirmiz Polad Bülbüloğlu da iştirak etdi. Bu bizim üçün bayramdır".
O, hazırda hakimlik fəaliyyəti ilə məşğul olan ədalət təmsilçilərindən də danışıb: "Gənc hakimlər öz üzərlərində işləsələr, gələcəkdə Tofiq Bəhramov kimi ola bilərlər. Hər şey hakimlərin özündən asılıdır. Heç vaxt Özbəkistanda böyük hakim olmamışdı, amma İrmatov öz üzərində işlədi və inkişaf etdi. Bu gün gənc hakimlərimiz var və onlar öz üzərlərində işləsələr, gələcəkdə hər şey yaxşı olacaq".