"Bakı"nın hücumçusu: "O vaxtlar komandamızın maliyyə vəziyyəti daha yaxşı idi"

19:15 30 Yanvar 2015

“Bakı” klubunun yeni kapitanı Jao Silvinyo de Karvalyo (Jaba) klubun rəsmi saytına müsahibə verib.

 

Sportarena.az klubun rəsmi saytına istinadən müsahibəni sizə təqdim edir:

 

- Qış hazırlıq prossesini Bakıda keçirdiniz. Hazırlıq prossesi necə keçdi?

- Hazırlıq prossesində çox istəkli idik. Bu mövsüm komandamızda bir az problemlər var. Biz gənc komandayıq. Ona görə də yüksək yerlər uğrunda mübarizə apara bilmədik. Amma inanıram ki, bəzi çətinliklər aradan qaldırılacaq və siz gələn mövsümdən əvvəlki “Bakı”nı görəcəksiniz. Bilirsiniz ki? mən öncələr də 3 il bu komandada oynamışam. Bu komanda ilə çempion olmuşam. Mövsümün ən yaxşı oyunçusu seçilmişəm. UEFA kubokunda pley-off oynamışam. Qazandığım uğurları təkrarlamaq istəyirəm. Hər bir rəqibin komandama hörmətlə yanaşmasını, çəkinməsini görmək istəyirəm. Özümü evimdəki kimi hiss edirəm.

 

- İlk gəldiyiniz “Bakı” ilə indi gördüyünüz komanda arasında hansı fərqlər var?

- O vaxtlar komandamızda maliyyə baxımından vəziyyət daha yaxşı idi. Hər il komandaya güclü legioner futbolçular dəvət edilirdi. Hər mövqedə yüksək səviyyəli futbolçular oynayırdı. Hazırda vəziyyət dəyişib. Buna baxmayaraq mən burada çox xoşbəxtəm. Əksinə bu dəfəki gəlişimdə komandaya daha da gərəkli olduğumu görürəm. Komandada yerli gənc futbolçular çoxluq təşkil edir. Onların hamısı yaxşı futbolçulardır. Meydançada çox qaçırlar, istəklidirlər. Onlara tez-tez öz məsləhətlərimi verirəm. Təcrübəmi bölüşürəm. Təcrübələri az olduğundan bəzən səhvlərə yol verirlər. Bu da futbolda normal haldır. Birdən-birə futbolçu olmurlar. Yavaş-yavaş, öyrənərək yaxşı oyun sərgiləyəcəklər. İnşallah, bir-iki ildən sonra onların içindən çox yaxşı futbolçular çıxacaq. Məşqçilərimiz də mənə tövsiyyə edirlər ki, gənclərlə meydanda danışım. Biz birlikdə bir komanda üçün çalışırıq. Bizim fərqimiz də bundadır. Çünki başqa şansımız da yoxdur. Bu heyətlə bu çempionatda oynamalıyıq.

- Azarkeşlər əvvəlki Jabanı nə vaxt görəcəklər?

- (Gülür) İndiki “Bakı”da oynamaqla o dönəmki komandada oynamaq arasında kəskin fərq var. Bu komanda gənclərdən təşkil olunub. Gənclərin əhatəsində uğurlu oyun göstərmək çox çətindir. Əvvəllər mənim üçün daha asan idi. Ətrafımda təcrübəli futbolçular cəmləşmişdi. Komandamızda heç bir problem yox idi. Amma Jaba dəyişməyib, elə həminkidir.

- Son oyunda kapitanlıq sarğısı sizin qolunuzda idi…

- Mənim 33 yaşım var. Bu yaşda kapitan olmağım normaldır. İki il bundan qabaq bu komandada oynadığım vaxtlarda hər kəsin rəğbətini qazanmışdım. Rəqiblər məndən və komandamdan çəkinirdilər. Yəqin ki əsas səbəb bu olub. Digər tərəfdən mən məşqlərdə və oyunda komanda yoldaşlarıma bir böyük kimi istiqamət verirəm. Yəqin ki, bu xasiyyətimə görə məni seçiblər. Bu mənim məsuliyyətimi daha da artırıb.

- Qarşıda “Qəbələ” ilə oyun var.

- Hazırda komandanın heyətində yüksək əhval-ruhiyyə hökm sürür. Oyunun öz meydanımızda olması bizə əlavə üstünlük verir. Biz gənclərlə birgə daha çox qaçaraq, daha çox mücadilə edərək bu oyunda qələbə qazananıb, çempionatda dönüş etmək istəyirik. Qələbə qazansaq rəqiblərin bizə hörmətlə yanaşacağına şübhəm yoxdur.

 


Digər xəbərlər

Xəbər xətti