İtaliyanın “Goal” idman saytında dünya şöhrətli futbol hakimi Tofiq Bəhramovun həyatından, futbol karyerasından və əldə etdiyi uğurlardan bəhs olunan məqalə yerləşdirilib.
Sportarena.az xəbər verir ki, məqalədə qeyd olunur ki, yanvarın 29-da Azərbaycanda Tofiq Bəhramovun 90 illik yubileyi ilə əlaqədar bir sıra tədbirlər keçirilib. Futbolçu, məşqçi və hakim kimi fəaliyyət göstərən T.Bəhramov 1993-cü ilə vəfat edib. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bu ölkənin milli stadionuna bütün ömrünü futbola həsr etmiş T.Bəhramovun adı verilib. Bu da Azərbaycan xalqının belə bir idman xadimini hər zaman xatırlamasının bariz nümunəsidir.
Oxucuların diqqətinə çatdırılır ki, futbol karyerasına gənc yaşlarında başlamış T.Bəhramov 1943-1952-ci illərdə “Spartak”, “Neftyannik” və digər məşhur komandalarda futbolçu kimi azarkeşlərin rəğbətini qazanmışdı. Daha sonra fəaliyyətinə hakim kimi davam edən məşhur idmançı 1964-cü ildə ildən beynəlxalq matçları idarə etmək hüququ qazanmışdı. 1966-cı ildə Londonda keçirilən futbol üzrə dünya çempionatının finalında İngiltərə komandasının lehinə verdiyi obyektiv qərar ilə Tofiq Bəhramovun adı idman ictimaiyyətinin yaddaşına həkk olundu və dünya futbol tarixinə qızıl hərflərlə yazıldı.
Müəllif bildirir ki, Azərbaycan Futbol Federasiyası Assosiasiyası yarandığı zaman hakimlər kollegiyasının sədri, daha sonra isə baş katib vəzifələrində çalışmış T.Bəhramov futbolun inkişafına böyük töhfələr verib.
Sonda qeyd olunur ki, “Bakı-2015” ilk Avropa Oyunları çərçivəsində bir sıra yarışlar Tofiq Bəhramov adına stadionunda keçiriləcək. Azərbaycanın idman tarixində çox önəmli yeri olan şəxsin adını daşıdığı üçün bu stadion azərbaycanlılara əzizdir.