Reytinq cədvəli açıqlandı: Azərbaycan idmançıları geriləyib

16:01 31 Yanvar 2015

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb.

Sportarena.az xəbər verir ki, fevral üçün açıqlanan “Top-100”də Azərbaycan təmsilçiləri də yer alıb.

Qrossmeysterlərimizdən ən yaxşı nəticəyə yenə Şəhriyar Məmmədyarov məxsus olsa da, həmyerlimiz ötən ayla müqayisədə 1 pillə geriləyib. 13-cü yerə enən zəka sahibimiz 2759 reytinq xalına malikdi.

Teymur Rəcəbov geriləyənlər sırasındadı. Veyk-an-Zee turnirində qeyri-stabil çıxış edərək, 8-ci yeri tutan qrossmeysterimiz 4 pillə aşağı düşərək, 24-cü yerdə qərarlaşıb. Onun aktivində 2731 xalı var.

Reytinq cədvəlinin ilk “üçlüyü”ndə dəyişməz qalib. Yenə müvafiq olaraq, Maqnus Karlsenin (Norveç, 2865) başçılıq etdiyi siyahıda Fabiano Karauna (İtaliya, 2811) ikinci, Aleksandr Qrişuk (2810) üçüncüdü.

FİDE, həmçinin rapid və blits növləri üzrə də reytinq cədvəlini yeniləyib. Sürətli şahmatçıların “100-lüy”ündə 4 təmsilçimiz yer alıb. Burada Şəhriyar Məmmədyarov (2766) 13-cü, Teymur Rəcəbov 22-ci (2741), Qədir Hüseynov (2709) 40-cı, Rauf Məmmədov (2681) 59-cudu. Siyahıya 2856 xalla italiyalı Fabiano Karuana başçılıq edir.

Blits növündə isə Məmmədyarovla Rəcəbov 7-8-ci yerlər şərikdi. Onların aktivində 2808 xalı var. Bu siyahıda Məmmədov 15-ci (2767), Eltaj Səfərli (2676) 72-ci, Hüseynov (2653) 93-cü pillədədi. Standart cədvəldə lider olan Karlsen (2948) burada da birincidi.

Qeyd edək ki, qadınların cədvəlində isə ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçisi yer almayıb.

 


Digər xəbərlər

Xəbər xətti