AÇIQLAMA: "Ermənilər avtobusumuzu daşa basdı"

16:15 31 Yanvar 2015

Keçmiş SSRİ-nin məşhur qapıçılarından olan Vyaçeslav Çanov Rusiyanın "Sport-Ekspress" qəzetinə müsahibə verib. 
 

Sportarena.az xəbər verir ki, vaxtilə "Neftçi"də çıxış etmiş 63 yaşlı veteran qapıçı "ağ-qaralar"ın Ermənistan "Ararat"ı ilə qarşılaşmasında yaşananlara da toxunub. Çanov 1985-ci ildə Bakıda keçirilən və "Neftçi"nin 1:0 hesabı ilə qalib gəldiyi oyunu xatırlayıb:

"Həmin il ermənilərin Azərbaycanda törətdiyi qırğından 65 il keçirdi. Şəhərdə kütləvi ixtişaşlar baş verə bilərdi. Bunu nəzərə alan Bakı Şəhər Partiya Komitəsinin 1-ci katibi Musayev (AFFA-nın sabiq prezidenti Fuad Musayevi nəzərdə tutur-red.) bizi toplayaraq, "bəlkə oyunu təxirə salaq" dedi.

Komandanın kapitanı İsgəndər Cavadov "gəlin oynayaq, çoxdan toplanışdayıq, oyuna köklənmişik" dedi. Ermənilərin kompakt yaşadığı ərazi - "Ermənikənd" (indiki "Nəsimi bazarı"nın ətrafı-red.) stadionun yaxınlığında yerləşirdi. Oyunun sonlarına yaxın stadionda vərəqələr paylanır, ermənilərin yaşadığı ərazini dağıtmaq tələb olunurdu. Və elə bu anda, oyunun 88-ci dəqiqəsində Maşallah Əhmədov qol vurdu - 1:0! Azarkeşlər sevinirdi, bütün şəhərdə xalq gəzintisi başladı. Biz isə paltardəyişmə otağında taqətsiz halda qalmışdıq. Sanki bir vaqon kömür boşaltmışdıq. Cavadova tərəf baxaraq, "necəsən, İsgəndər?" dedim. O da "vay, Slava, məni evə çatdıran olsaydı" cavabını verdi.

İkinci dövrədə Yerevandan ayaqlarımızı zorla çıxardıq. Orda 0:0 oynadıq. "Razdan"dan çıxanda avtobusumuzu daşa basdılar. Bütün şüşələr qırılmışdı. Başımızı çantalarla qoruyurduq. Eyni hadisə Kutaisidə də başımıza gəlmişdi".


Digər xəbərlər

Xəbər xətti