Prosineçki: "Bu, milli komanda üçün yaxşı deyil"

11:44 1 Fevral 2015

Milli komandamızın baş məşqçisi Robert Prosineçki futbolxeber.az saytına müsahibə verib. 
 

Sportarena.az sizə həmin müsahibəni təqdim edir:

 

- Bu gün canlı olaraq izlədiyiniz AZAL - “Neftçi” oyunu haqda nə deyə bilərsiniz?

- Oyunun gedişini nəzərə alaraq deməliyəm ki, AZAL layiqli qələbə qazandı. Hər şey heç-heçəyə doğru getsə də, sonda AZAL qələbə qolunu vurdu. Onlar bu gün “Neftçi”dən daha yaxşı oynadılar. Sözsüz ki bu, milli komanda üçün yaxşı deyil. Çünki “Neftçi”də milli komandanın 3-4 futbolçusu çıxış edir. Amma AZAL bu gün onlardan daha yaxşı çıxış etdi.

- Dünən də “İnter” - “Sumqayıt” matçına baxmışdınız...

- Orada da maraqlı oyun gördük. Düzdür, rəqibə baxanda “İnter”in bir az üstünlüyü var idi. Hətta “İnter” 11 metrlik cərimə zərbəsini də vura bilmədi. Amma “Sumqayıt” ikinci hissədə oyununu tapdı. 3-4 qol epizodu da yaratdılar. “İnter” Antalyada olduğu kimi gözəl oyun sərgiləyə bilmədi. Təcrübə də göstərir ki, qış fasiləsindən sonra ilk oyunlar hər zaman çətin olur. Həmin qarşılaşmanın nəticəsini də ədalətli hesab edirəm.

- Baxdığınız 2 oyuna əsasən “Sumqayıt” və AZAL-ın heyətində milli üçün namizəd futbolçu görə bildiniz?

- Ola bilsin ki, fevraldakı toplanışa “Sumqayıt”dan 1-2 oyunçu çağırım. AZAL-ın oyununa isə yenicə baxırıq. Mövsümün ikinci yarısı yeni start götürüb. Qarşıdakı turlarda da oyunları izləyəcəyik. Amma yenə deyirəm ki, bu gün AZAL-ın oyunundan çox razı qaldım.

- Milli komandamızın Antalyadakı təlim-məşq toplanışı zamanı yoxlama oyununda qarşılaşacağı rəqibin adı bəlli oldu?

- Bu məsələdə elə bir dəyişiklik yoxdu. Axtarışlarımız davam edir. Yəqin ki, 1 həftəyə rəqibin adı bəlli olacaq.

- Təlim-məşq toplanışına daha əvvəl milli komandamızın formasını geyən Branimir Subaşiçin dəvət alacağı haqda xəbərlər dolaşır. Həqiqətən də ona dəvət göndərəcəksiniz?

- Yox, bu yalan məlumatdır.


Digər xəbərlər

Xəbər xətti