Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin apasport.az saytına müsahibə verib.
Sportarena.az sizə həmin müsahibəni təqdim edir:
- Azərbaycan Premyer Liqasında qış fasiləsindən sonra ilk tur geridə qaldı. Ümumi olaraq, turu necə dəyərləndirərdiz?
- İndidən fikir yürütmək tezdi. Çünki komandalar fiziki hazırlıqdan çıxıblar. Buna görə də, hələ nə isə demək çətindi. Fiziki yükləmələrdən sonra futbolçuların özlərinə gəlməsi üçün minimum 10 gün vaxt lazımdı.
- Məşqçilər Komitəsinin digər üzvlərindən fərqli siz Azərbaycanda qalan klubların hazırlıq prosesini yaxından izlədiz. Maraqlıdı ki, vətəndə təlim-məşq toplanışı keçən “Sumqayıt” və AZAL Antalyadan qayıdan “İnter” və “Neftçi”ni büdrətdilər...
- Mən o vaxt da demişdim ki, Azərbaycanda qalıb məşq keçməklə, Antalyada hazırlıq keçmək arasında elə bir fərq yoxdu. Antalyada olan şərait burda da var: meydançalar, trenajor zalları, lazım gəlsə, sahildəki qum da. Düzdü, Bakıda qalan komandalar sparrinq rəqib tapmaq mənasında, korluq çəkə bilərdilər. Amma gördünüz ki, onlar belə bir problemlə üzləşmədilər. Mənim üçün nə “Sumqayıt”ın “İnter”dən xal alması, nə də AZAL-ın “Neftçi”yə qalib gəlməsi gözlənilməz oldu.
- Deməli, bu turda sizin üçün sensasiya olmadı...
- Elədi. Çempionatımızda çıxış edən komandalar səviyyəcə bir-birlərindən köklü şəkildə fərqlənmirlər. Odu ki, kiminsə kimdən xal almasını və ya qalib gəlməsini sensasiya adlandırmaq düzgün olmaz.
- İstənilən halda, qızıl medallara iddialı “Neftçi”nin AZAL-a uduzması gözlənilməz oldu. Sizcə, bu məğlubiyyət “ağ-qaralar”ın “Qarabağ”la çempionluq mübarizəsi aparacaq gücdə olmadığını göstərmir?
- AZAL-a məğlubiyyət “Neftçi” üçün böyük itkidi. Vaxt gələcək indi itirilən xalların qiyməti qızılın misqalından baha olacaq. Odu ki, “Neftçi” AZAL-a uduzmamalı idi.
- “Qəbələ” Roman Qriqorçukun rəhbərliyi altında çempionatdakı ilk görüşündə “Bakı”ya qalib gəldi. Komandanın oyununda müsbətə doğru dəyişiklik hiss etdinizmi?
- Öncə onu qeyd edim ki, “Bakı” hazırda yaxşı günlərini yaşamır. Bununla belə, “Qəbələyə müqavimət göstərdilər. Əgər 11 metrlik cərimə zərbəsi olmasaydı, hesab başqa cür ola da bilərdi. O ki qaldı “Qəbələ”yə, komandaya yeni futbolçular cəlb olunub. İstər Qay, istər Fomin, istərsə də Bezotosnı olsun, onların adaptasiyası üçün vaxt lazımdı. Desəm ki, “Qəbələ”nin hazırkı oyunu əvvəlkindən böyük ölçüdə fərqlənir, yalan olar. Bəlkə, gələcəkdə komanda “açılacaq” və nəyə qadir olduğunu göstərəcək.
- Gəncləşdirmə siyasətinə keçən “Xəzər Lənkəran” isə bu tur “Simurq”la qarşılaşdı və Zaqataladan məğlub qayıtdı. Bu görüşlə də bağlı fikirlərini bilmək istərdik...
- Gözlənilən nəticə idi. “Simurq” kompakt komandadı, öz dəsti-xətti var və ona həmişə sadiq qalır. “Xəzər Lənkəran” isə gəncləşdirmə siyasətinə keçib, komandanın özəyini gənclər təşkil edirlər. Odu ki, onların “Simurq”a məğlubiyyəti gözlənilən idi.