Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilovun affa.az saytına müsahibə verib.
Sportarena.az həmin müsahibəni təqdim edir.
- Yenidən Azərbaycandasan. Hans hissləri keçirirsən?
- Çox sevinirəm ki, yenidən vətənimə qayıtmışam. Sonuncu dəfə 12 yaşımda Azərbaycanda olmuşam. Ötən illərlə müqayisədə Bakı çox dəyişib, gözəlləşib. Məni və ailəmi yüksək səviyyədə qarşıladığınıza, qəbul etdiyinizə görə təşəkkür edirəm.
- Bura gəlməzdən əvvəl Azərbaycan futbolu haqda nə bilirdin?
- Dediyim kimi, sonuncu dəfə 10 il əvvəl burda olmuşam. Ona görə elə geniş məlumatım yox idi. Lakin Azərbaycan milli komandasında oynamaq təklif aldıqdan sonra internet vasitəsilə informasiya topladım. Bir çox oyunların epizodlarına baxdım, Azərbaycan çempionatı haqda məlumat əldə etdim. Əlbəttə, qarşıdakı günlərdə daha çox məlumatım olacaq.
- Sənin Azərbaycan milli komandasında oynamağa razılıq verməyin birmənalı qarşılanmadı. Necə oldu ki, təklif aldın?
- Təxminan ilyarım əvvəl AFFA rəsmiləri anamla əlaqə yaratdılar, daha sonra mənimlə danışdılar. Əlbəttə, mən çox sevindim. Çox şad oldum ki, məni milli komandada oynamağa dəvət edirlər. Gördüyünüz kimi, artıq Azərbaycandayam.
- Sənə böyük ümidlər bəsləyən futbolsevərlərə nə demək istərdin?
- Azərbaycan milli komandasının uğurlu çıxış etməsi üçün əlimdən gələni əsirgəməyəcəm. Milli komandanın baş məşqçisi Robert Prosineçki ilə yaxşı münasibətim var. Bir-birimizi yaxşı başa düşəcəyik. Azarkeşlərin və baş məşqçinin mənə olan ümidini doğrultmağa çalışacağam. Milli komandanın formasını geyinəcəyim günü səbirsizliklə gözləyirəm.
- Son oyunlarda zədəli olduğun üçün meydana çıxmadın. İndi özünü necə hiss edirsən?
- Düzdür, zədəli olduğum üçün son oyunlarda komandama kömək edə bilmədim. Artıq zədəm sağalıb. Komanda ilə birgə məşqlərə başlamışam. Baş məşqçi şans verəcəyi təqdirdə növbəti qarşılaşmada oynaya biləcəm. Özümü hazır hiss edirəm.