Azərbaycanda hazırda fəaliyyətdə olan idman mərc oyunlarının ləğv olunması təklif edilib.
Sportarena.az APA-ya istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev çıxış edib.
Deputat qeyd edib ki, bu oyunların ləğv olunması çox vacibdi: "Bir vaxtlar Heydər Əliyev çox yaxşı ki, Azərbaycanda kazinoları yığışdırtdı. O bu addımı ilə çox ailəni, çox gənci bu bəladan xilas etdi. İndi isə idman mərc oyunları ailələrdə problemlər yaradıb. Nə qədə ailələrin uşaqları bu bəlaya düçar olub".
Deputat bu oyunların ləğv edilməsini, bunun əvəzində keçmişdə olduğu kimi "super lotto" kimi oyunların keçirilməsini təklif edib.
Deputatın təklifinə reaksiya verən spiker Oqtay Əsədov da onunla razı olduğunu bildirib.