“Neftçi”nin çilili hücumçusu Nikolas Kanales Premyer Liqada yubiley – 30-cu qolunu vurub.
Sportarena.az xəbər verir ki, 2012/13 mövsümündə vurduğu 26 qolla çempionatın bombardiri adını qazanan cənubi amerikalı cari mövsümdə 4-cü dəfə fərqlənməklə 30-a çatıb.
Nikolas buna XIX turun AZAL-la səfər oyununda nail olub. Bununla da o, paytaxt təmsilçisinin tarixinə düşüb. Çilili “ağ-qaralar”ın Azərbaycan çempionatlarında çıxışları tarixində 30 və daha çox qol vuran 10 oyunçudan biri olub. Belə ki, 1992-ci ildən AZAL-la görüşədək yalnız 9 futbolçu “Neftçi”də 30-dan artıq qol vurmuşdu. Kanales bu siyahıya 10-cu kimi daxil olub.
1. Samir Ələkbərov – 99
2. Qurban Qurbanov – 66
3. Yunis Hüseynov – 58
4. Nazim Əliyev – 42
5. Bahodir Nasimov – 38
6. Nadir Nəbiyev – 37
7. Vadim Vasilyev - 32
8. Branimir Subaşiç – 31
9-10. Flavinyo – 30
Nikolas Kanales – 30
Ümumilikdə isə çempionatlar tarixində 30 və daha çox qol vuran 76-cı bombardir olan Kanales Kamal Quliyev, Ceyhun Sutanov, Valter Quqlemon və komanda yoldaşı Flavinyo ilə eyni göstəriciyə malikdir. Bu 76 oyunçudan 17-si legionerdir. Nikolas əcnəbi futbolçular arasında məhsuldarlığına görə Quqlemon və Flavinyo ilə birlikdə 15-17-ci yerləri bölür.