Müraciət prezidentə keçən həftə ünvanlansa da, dünən Anar Salmanovla söhbəti zamanı bundan xəbər tutmuşuq. Bir qədər əvvələ qayıdaq.
Sportarena.az “Het-trik news” qəzetinə istinadən xəbər verir ki, ötən il AFFA Hakimlər Komitəsi FİFA referilərinə namizədlərin adlarını UEFA-ya göndərmişdi. Buna kimi əvvəlki 3 FİFA referisinin – Əliyar Ağayevin, Rəhim Həsənov və Anar Salmanov namizədliklərinin irəli sürüləcəyi gözlənilsə də, sonda siyahıya Anar Salmanovun yerinə Orxan Məmmədovun adının salınması birincinin etirazına səbəb olmuşdu. Bu barədə PFL prezidenti Ramin Musayev və Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla görüşən A.Salmanov AFFA prezidenti Rövnəq Abdullayevə də müraciət ünvanlamışdı: “Sentyabr ayında tərtib olunan siyahıda mənim adım 3-cü göstərilmişdi. Bunu mənə PFL prezidenti Ramin Musayev də dedi. Lakin son anda məni yerimə Orxan Məmmədovun namizədliyi irəli sürülüb. Bunun da səbəbkarı Xaqani Məmmədovdur. Mənim Azərbaycanda olmamağımdan istifadə edərək, kimsəyə xəbər verməmiş siyahını dəyişib UEFA-ya göndərib. Xəbər tutanda isə artıq gec idi. UEFA-nın 2-ci kateqoriya hakimiyəm. 1-ci kateqoriyaya düşmək üçün gözəl imkanlarım var idi. Amma görünür, Azərbaycan hakimlərinin uğur qazanması Xaqani müəllimə sərf etmir.
Bu barədə AFFA prezidenti Rövnəq Abdullayev müraciət etdim. Rövnəq müəllim müraciətə cavab olaraq məsələyə yenidən baxılmasının təmin olunması ilə bağlı göstəriş verdi. Lakin bu günə kimi mənim problemimə yenidən baxılmayıb. Əlbəttə, bu, Xaqani Məmmədova sərf etmir. Məcbur olub ölkə prezidenti, cənab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya müraciət etmişəm. Üzümüzə gələn həftə müraciətə cavab verilməsini gözləyirəm”.
FİFA hakimi adının əlindən alınması ilə barışmayan Anar Salmanov bu günə kimi ona dəstək olan hər kəsə təşəkkür etdiyini bildirməklə yanaşı, bu məsələdə heç kimdən incik düşmədiyini də söylədi: “Nə AFFA, nə PFL prezidentlərindən, nə də kimdənsə incik düşməmişəm. Həm Rövnəq Abdullayevin, həm də Ramin Musayevin Xaqani Məmmədovun bu “əməliyyat”ından xəbərləri olmayıb. Mənim qarşımı kəsən bir nəfər var – o da Xaqani Məmmədovdur. Ümid edirəm ki, tezliklə prezidentimizə ünvanladığım müraciətə müsbət cavab veriləcək və haqq-ədalət yerini tapacaq”.