“Karyeram ərzində bir çox liqalarda oynamışam. İsveçrə ilə yanaşı, Fransa, İtaliya və Azərbaycan çempionatında çıxış etmişəm. İndi isə karyeramı ABŞ-da davam etdirəcəm. Buna görə şadam, çünki Amerikada futbol fərqlidi”.
Sportarena.az xəbər veri ki, bu sözləri “Qarabağ”ın sabiq hücumçusu İnnosent Emeqara deyib.
ABŞ-ın “San Xose Ertkveyks” klubuna keçən 26 yaşlı futbolçu bununla bağlı İsveçrə mətbuatına danışıb.
O, söhbət əsnasında digər məqamlara da toxunub: “Fərqli ölkələrdə oynamaq heç də asan deyil. Fransada çıxış edəndə yerli dili bilmirdim. Eyni problemlə İtaliya və Azərbaycanda da üzləşmişdim. Yeni klubumda isə bu sarıdan problem yoxdu. Nə danışdıqlarını başa düşürəm və dili anlamaq çox vacibdi. Komandada hamı bir-biri ilə mehribandı. Bu mənada, ABŞ klubu Avropa klublarından fərqlənir”.
Qeyd edək ki, 3 ay “Qarabağ”ın formasını geyinmiş Emeqara Azərbaycan çempionatında 8 oyunda 5 qola imza atıb.