Millimizin yeni üzvü Eddi İsrafilovun Bakıya gəlməsinin əsl səbəbi bəlli olub.
Sportarena.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı futbolçu ölkəmizə Azərbaycan pasportunu götürmək üçün gəlib.
Həmkarlarımızın yazdığı xəbərdə İsrafilovun, həmçinin İspaniya pasportuna sahib olduğu qeyd olunub. Eddinin atasının vətəni Anqola ilə müqayisədə üstünlüyü anasının vətəni Azərbaycana verdiyini yazan ispanlar onun Bakıya sürpriz səfərinin məhz pasportunu götürməklə bağlı olduğunu bildiriblər.
Məsələyə münasibət öyrənmək üçün AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq. Federasiya rəsmisi bununla bağlı qısa danışdı: “Bizdə bu barədə məlumat yoxdu. İspanların nəyə əsaslanıb belə yazdıqlarını bilmirəm”.
İsrafilovun hazırda Bakıda olduğunu vurğulayan İspaniya mətbuatı gündəmdə yer almasından sonra Eddinin transfer qiymətinin yüksəldiyini əlavə edib. Həmçinin İsrafilovun Azərbaycan yığmasında ilk matçını AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Maltaya qarşı keçirə biləcəyi əks olunub.
Qeyd edək ki, transfer hüququ “Mursiya”ya məxsus olan Eddi İsrafilov icarə əsasında “Qranada”nın formasını geyinir.