Millinin baş məşqçisi danışdı: “Futbolçular biz istəyən səviyyədə deyillər”

14:56 3 Fevral 2015

21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Yaşar Vahabzadənin apasport.az saytına müsahibə verib.

 

Sportarena.az sizə həmin müsahibəni təqdim edir.

 

- Artıq fevralın 5-də U-21-lər arasında Avropa çempionatının püşkü atılacaq. Yəqin ki, səbətlərlə tanışsınız...

- Bəli, tanışam. Kimlərin hansı səbətdə yer aldığından xəbərim var. Püşkatmaya elə özüm gedəcəm.

 

- Hansı komanda ilə bir qrupda yer almaq istəməzdiz?

- U-21-lərin yarışında favorit tez-tez dəyişir. Bizdən də aşağıda olan sonuncu səbətdəki komandalardan biri düşdüyü qrupun lideri ola bilər. Əvəzində yuxarı səbətlərdə yer alan hansısa komandalar zəif çıxış edə bilərlər. Çünki gənclər millisində stabil heyət olmur. Aşağı yaş qrupundan gələn futbolçuların səviyyəsindən çox şey asılı olur. Bu üzdən də indi hansısa komandanın aşkar güclü olduğunu demək çətindi.

 

- Premyer Liqa komandalarının qış hazırlığını izlədiniz. U-21-ə namizəd futbolçulardan razı qaldınız?

- Düzdü, Antalyada futbolçuları izlədik. Artıq çempionat da başlayıb. U-21 üzvlərinin çoxu klubunda əsas heyətə düşə bilmir. Əksər oyunçularımız əvəzedicilərin yarışında iştirak edirlər. Onları müntəzəm izləyirik. Açığı, əvəzedici heyətdə olan futbolçular biz istəyən səviyyədə deyillər. Əsas komandadakı oyunçularda sürət, mübarizlik daha yüksək səviyyədədi. Buna görə də, tam razı qaldığımı deyə bilmərəm.

 

- Hansı klubların gənclərlə çalışmasından məmnunsunuz?

- İlk növbədə “Neftçi”nin adını çəkərdim. Bu komandada bizim 5 futbolçumuz var. “İnter” və “Simurq”dan da 3-4 namizədimiz var. Əsas bu komandaların adlarını çəkə bilərəm. Digərlərində isə 1-2 oyunçu var ki, gənclər millisinə düşə bilər. “Qəbələ”nin də 4 futbolçusu bizim diqqət mərkəzimizdədi.

 

- Artıq gələn ay Avropa çempionatının seçmə mərhələsi start götürəcək. Qitə birinciliyində iştirak edəcək kollektivi müəyyənləşdirmisinizmi?

- Təxmini heyətimiz məlumdu. Bu yaxınlarda Almaniyada təlim-məşq toplanışında olmuşduq və Malta ilə yoxlama matçında qarşılaşmışdıq. Yenə həmin yaş qrupundan olan futbolçular olacaq. Amma bu ayın sonu Antalyada keçirəcəyimiz təlim-məşq toplanışında konkretləşdirəcəyik. Türkiyədə keçirəcəyimiz yoxlama görüşlərinə və Premyer Liqa oyunlarına əsasən yekun heyəti müəyyənləşdirəcəyik. Əlimizdə müəyyən siyahı var. 25-28 oyunçu arasında seçim edəcəyik.

 

- Sizcə, hazırkı heyətlə Avropa çempionatında nəyə iddia etmək olar?

- Konkret bir yer deyə bilmərəm. Amma çalışacağıq ki, əvvəlki illərlə müqayisədə daha yaxşı nəticə əldə edək. Əlimizdə olanlardan nə qədər çox oyunçu əsas milliyə versək, bu da bizim üçün uğur sayılacaq.

 

- Gələn mövsümdən legioner limitində dəyişiklik gözlənilir. Limitin yerli oyunçular üçün məhdudlaşdırılması sizin işinizi daha da çətinləşdirməyəcək?

- Bilirsiniz, futbolçular rəqabət hiss eləməli, güclü olub heyətə düşməlidilər. Belə olarsa “artırarlar”. Süni şəkildə oynatmaqla da inkişaf olmaz. Neçə legioner gəlir-gəlsin, yerli futbolçu ondan güclü olacaqsa əsas heyətə düşəcək. Bunun üçün də rəqabət aparmalı, məşqlərdə bütün gücü ilə çalışmalı olacaq. Bunun sayəsində futbolçularımız həm fiziki keyfiyyətlərini, həm də ustalıq səviyyələrini artırarlar.

 


Digər xəbərlər

Xəbər xətti