AZAL-ın kapitanı Rəşad Abdullayevin apasport.az saytına müsahibə verib.
Sportarena.az sizə həmin müsahibəni təqdim edir.
- Qış fasiləsindən sonrakı ilk turda “Neftçi” üzərində qazanılan qələbəni nə ilə əlaqələndirmək olar?
- İlk oyun olduğundan, çox yaxşı hazırlaşmışdıq. Uğurlu başlanğıc etmək istəyirdik ki, sonrakı görüşlərimizə də müsbət təsiri olsun. Adətən necə başladınsa, o cür də davam edirsən. “Neftçi” də çox güclü rəqibdi. Evdə oynadığımızdan, qələbə qazanmağı hədəfləmişdik. 90 dəqiqə meydanda “vuruşduq” və layiqli qələbə qazandıq.
- Rəqibdən fərqli, siz təlim-məşq toplanışını ölkə daxilində keçmişdiniz. Ancaq göstərilən oyun heç də bunu hiss etdirmirdi...
- Bundan öncəki klublarımda Antalya toplanışlarında çox iştirak etmişəm. Düzdü, güclü rəqiblə yoxlama görüşü keçirmək baxımından bu, müsbət haldı. Orda seçim imkanın geniş olur. Burda isə yalnız ölkə daxilində qalan elita klubları və I divizion komandaları ilə qarşılaşmalı olursan. Ancaq şərait baxımından heç kimdən geri qalmırıq. AZAL-da olan baza, bəlkə də, digər klublarda yoxdu. Bütün fiziki və taktiki təlimləri yerinə yetirdik, həmçinin fiziki yükləmələr oldu. Bunlar hər komandada olur. Çalışdıq ki, ilk turdan etibarən oyunumuzla ölkə xaricinə çıxmadığımızı hiss etdirməyək. Digər tərəfdən bizim çempionatda bütün komandaların gücü bir-birinə yaxındı. Aşkar güclü və ya zəif rəqib yoxdu. Güclü və zəif hazırlıq ola bilər. Biz də sübut etdik ki, ölkə daxilində qalıb yaxşı hazırlıq keçmək də mümkündü.
- Baş hakim Elvin Əsgərovun qapınıza təyin etdiyi penalti mübahisəli qərar idi. Həmin epizodda top, həqiqətən də, komanda yoldaşınızın əlinə dəymişdi?
- Burda bir məqam var. Auta tərəf gedən top oyunçuya dəyib. Yəni top həmin vaxt qapıya ünvanlanmamışdı. Yağış da yağırdı. Top yerə dəydikdən sonra ələ dəydi. Yəni top əli tapdı. Kapitan kimi, baş hakimə yaxınlaşıb “qərarından əminsən?” deyə soruşdum, cavabında dedi ki, vermək olardı. Çox üstünə getmək də istəmədim. Hakimin hansısa komandaya simpatiyası ola bilər. Bundan öncəki oyunlarda belə halların şahidi olmuşuq. Amma biz öz oyunumuzla qələbə qazanmağı bacarırıq. Hakim də görəndə ki, meydanda bir komanda var, nəticəyə təsir etməməyə çalışır. “Neftçi” ilə oyunda çoxlu qol imkanlarımız oldu ki, dəyərləndirə bilmədik.
- 3-cü pillədəki “Neftçi” ilə aranızdakı xal fərqi 6-ya endi. Necə düşünürsünüz, bu yerə iddia edə bilərsiniz?
- Niyə də olmasın? Bizim qarşımıza konkret hansısa yeri tutmaq məqsədi qoyulmayıb. Bizə deyilib ki, bacardığınız qədər çox qələbə qazanın. Bunu da edəndə bir də görürsən ki, heç kimin gözləmədiyi bir yerdə qərarlaşmısan. Amma ilk növbədə bu stabilliyi davam etdirmək lazımdı. Ardıcıl qələbələr qazanmalıyıq ki, sonra bunun təsadüfi olduğunu deməsinlər.
- Hazırkı heyətlə avrokuboklara iddia etmək olar?
- Əlbəttə. İndi normal heyətimiz var. Avrokuboklara da vəsiqə qazana bilsək, yəqin ki, yayda heyət daha da güclənəcək. Hazırkı heyət çempionat üçün yetərlidi. Ölkənin aparıcı klubları ilə başabaş mübarizə apara biliriksə, deməli, avrokuboka da yollana bilərik.
- Gələn mövsümdən Premyer Liqada komandaların sayının artması gözlənilir. Sizcə, hazırkı sistem uğurludu, yoxsa çox komandalı sistem?
- Təbii ki, çox komandanın iştirakı daha yaxşı olar. Mənim xatırladığım ən parlaq dövrlər 2006-2009-cu illərə təsadüf edir. Həmin vaxt komandaların sayı çox idi, bir mövsümdə 8-9 klub çempionluğa iddia edirdi. “MKT-Araz”, “Karvan” kimi maliyyə dəstəyi güclü olan komandalar var idi. Komanda sayının çox olmağı futbolçularımıza da müsbət təsir edər. Çünki indi elə futbolçular var ki, əsas heyətə düşə bilməsə də, heç yerə getmirlər. Amma klub sayı çox olarsa, futbolçuların da seçim imkanı geniş olar və daha çox oynaya bilərlər. Hazırda Premyer Liqada 9 komanda iştirak edir. Gördüyünüz kimi, bu, istənilən effekti vermir. 12-14 komandanın maliyyə durumları yaxşı olsa, daha sürətli inkişaf gedər.