Azərbaycan Premyer Liqası çərçivəsində “İnter”lə keçiriləcək oyuna hazırlaşan “Xəzər Lənkəran”da zədəlilərin son durumuna aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, İlqar Ələkbərov və Rasim Ramaldanov artıq komandaya qoşulublar.
Ramaldanov son məşqi kollektivlə birgə keçirib. Ələkbərov isə hələlik fiziki çalışmalarda komandaya qoşulur. Klubun həkimləri hər iki futbolçunun “İnter”lə matçda məşqçilər korpusunun ixtiyarında olacağını güman edir.
“Ağ-yaşıllar”ın digər zədəli futbolçusu Orxan Sadıqlı isə hələ bir müddət bərpa prosesi keçməklə məşğul olacaq. Antalyada əməliyyat olunan gənc qapıçı təxminən bir aydan sonra komandaya kömək edə biləcək.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “İnter” oyunu fevralın 7-də keçiriləcək.