AAAF Parkın “Məşhurlar AAAF Parkda” layihəsinin budəfəki qonağı karate üzrə dünya çempionu Şahin Atamov oldu. Onunla bir çox mövzular haqda danışdıq:
- Xoş gördük. AAAF Park sənə necə təsir bağışladı? Bəyəndinmi?
– Mən buraya ikinci dəfədir gəlirəm. Çox gözəl yerdir. Ailə ilə gəlməyə daha münasibdir. Gəzməli yerlər, ailəvi istirahət məkanları, restoranlar… Burada hər cür şərait var. Gəl, gir, yaşa! Fikirləşirəm ki, şəhərin səs-küyündən, basırığındansa, gələcəkdə ev alsam, AAAF Park Yaşayış Kompleksindən alaram. Bir üstünlük də ondan ibarətdir ki, burada idmana çox böyük yer verilir.
- Şahin, sənin haqqında izləyicilərimizə daha ətraflı məlumat verək. Şahin Atamov idmana necə başlayıb? Bu sahədə ilk addımlarını necə atıb?
– İlk dəfə karateyə 1996-ci ilin yanvar ayında başlamışam. Evə qonaqlarımız gəlmişdi. Onlardan biri məni işarə edərək atama dedi ki “Bu uşaq bir yerdə dayanmır, nadincdir. Bəlkə bunu idmana qoyasan?” Valideynlərimin fikrində peşəkar yox, sadəcə, sağlamlığım üçün idmana getməyim idi. Amma özümdə də böyük həvəs vardı. Karatedə həvəsim daha da artdı. Demək olar ki, gəldiyim vaxta görə digər uşaqlardan çox-çox irəli gedirdim, fərqlənirdim. Bir aydan sonra məni “xüsusi qrup” olan “Ən güclü qrup”a keçirdilər. Müəllimlərim fəallığımı görüb qiymətləndirirdilər. İlk dəfə 1998-ci ildə klublar arasında öz klubumuzun çempionu oldum. 1999-cu ildə məni ilk yarışa Moskvaya apardılar. Orada – ilk beynəlxalq turnirimdə 3-cü yerə çıxdım. Daha sonra Livanda, Türkiyədə, Gürcüstanda qarışıq turnirlərdə qalib oldum. 2001-ci ildə yeniyetmələr arasında Azərbaycan milli komandasına daxil oldum, orada məşğul olmağa başladım. 2005-ci ildə yığma ilə Avropa səviyyəli yarışlara getdim. Avropa çempionatında komanda şəklində 3-cü olduq. Daha sonra Federasiya rəhbərliyi perspektivimin olduğunu görərək bütün yarışlara məni aparmağa başladılar. 2005-ci ildən bəri çox fəaliyyətim olub. Avropa Çempionatında da, Dünya Çempionatında da, İslam oyunlarında da, hətta Amerikada gənclər arasında keçirilən çempionatda da çempion olmuşam. İndiyə kimi də davam edirəm. Son nöqtəmi də Avropa Oyunları ilə qoyacam.
- Ailənizdə idmana bağlı olan başqa şəxslər varmı?
– Vaxtilə anam həndbolçu olub. Dayım qarışıq olaraq bütün idmanlarla məşğul olub. Dayıma oxşamışam (gülür).
- Karatenın adı çəkiləndə Şahin Atamovun adı tanınmaq baxımından öndə gedənlərin sırasındadırmı? Bugünki qazandığı uğurlar Şahin Atamova bəs edirmi?
– 6-7 il bundan qabaq karatenin adı çəkiləndə istər xaricdə, istərsə də Azərbaycanda bir tək Rafael Ağayev deyirdilər. Amma bugünki gündə biz özümüzü sübut eləmişik, dünya arenasında tanıtmışıq. Artıq dünya üzrə keçirilən yarışlarda, afişalarda bizim soyadlarımız hallanır. Bu da bizim üçün fəxrdir. Əvvəl Rafael Ağayev deyirdilərsə, indi Atamov, Mamayev, Əliyev deyirlər. Hər çəkidə öz sözünü deyən idmançılarımız var.
- Gənclərin karateyə marağı artıbmı?
– Karate qeyri-olimpiya idman növüdür. Başları çıxmayan valideynlər elə başa düşürlər ki, qeyri-olimpiya idman növüdürsə, zəif idman növüdür. Sonradan idmançılar mükafatlandırıldı və karateyə maraq oldu. Amma karatenin də Dünya və Avropa çempionatı çox yüksək səviyyədə keçirilir. Dünya çempionatında 110-120 ölkə olur. Bu qədər ölkə arasında nəticə göstərib, ilk üçlüyə düşmək böyük qalibiyyətdir. Cənab Prezidentimiz karateni Azərbaycanda keçiriləcək Olimpiya Oyunlarında idman növləri sırasına daxil etdi. Biz ona çox böyük təşəkkürümüzü bildiririk. Bu, bizim üçün bayram oldu. Karatenin hansı zirvədə olduğunu göstərmək lazim idi. Var gücümüzü toplayıb bu yarışda özümüzü göstərəcəyik ki, hamı Azərbaycan karatesinin hansı səviyyədə olduğunu görsün. Karatenin Olimpiya oyunlarına daxil olduğuna görə artıq gənclərin də karateyə marağı artıb. Regionlarda təbliğat gedir, tez-tez seminarlar təşkil edilir. Buna görə də gənclərin karateyə marağı artır. Bu da bizim üçün sevindirici haldır.
- İslam Oyunları sənin həyatında əsas rol oynadı. O yarışı necə xatırlayırsan?
– Çox əziyyətli oldu. Mən yayın istisində təyyarədə pis xəstələndim, üç idman paltarını üst-üstə geyinmişdim, lakin titrəyirdim. Nazirliyin həkimləri yardım etsələr də, mən döyüşə xəstə-xəstə, 39 dərəcə hərarətlə çıxdım. Nəticə yaxşı oldu. İslam oyunlarının ilk medalçısı mən oldum. Finala çıxdım. Ancaq həlledici döyüşə qədər güc qalmadı, döyüşdüm, amma məğlub oldum. Komanda döyüşündə finalda komandaya kömək etdim, 4-cü ən məsuliyyətli döyüşü uddum və komandamız çempion oldu. Bu nəticəyə görə Rəhman Hətəmova və onun köməkçisi Rəşada “Çox sağ olun” deyirəm. Çünki o, xəstə olduğum halda mənə çox dəstək oldu. Məni idmana gətirən, şəxsi müəllimlərim – Şahin və Seymur Xudayerdiyev qardaşlarına öz minnətdarlığımı bildirirəm.
- Şahin, yarışlar üçün çəkin nə qədərdir? Həmin çəkini saxlamaq sənə çətin olmur ki?
– 2010-cu ilə qədər 75 kq idim. 75 kq ilə turnirlərdə olub, amma Dünya və Avropa səviyyəsində nəticə verə bilməmişdim. Əsgərlikdən sonra çəkim qalxaraq 84 kq oldu. Demək olar ki, bütün uğurlu nəticələrim 84 kq-dan sonra oldu. Əsgərlikdən gələndən sonra 6 aya hazırlaşıb Dünya Çempionatına getdim. Çox ağır oldu, lakin 3-cü oldum. Əsgərlikdə həmişə məşq edirdim, məşqlərimi saxlamırdım. Peşəkar idmançı məşqi saxlayırsa, onun yerini doldurmaq üçün üç dəfə artıq məşq etməlidir.
- Şahin, son olaraq Avropa Oyunları ilə bağlı danışaq. Bilirik ki, bu, son mərhələndir və bununla da bitirəcəksən. Soruşmaq istərdim ki, hazırlıq necə gedir? Məşqlər səni yormur ki?
– Əlbəttə, yoruluram, çünki çox çətin məşqlərdir. Bilirsiniz ki, bizə Beynəlxalq Bank dəstək olur. Vitaminlərlə təmin edirlər. Bizə çox gözəl şərait yaradılıb. Göstərilən bu qayğını gözəl nəticə ilə qarşılamalıyıq. Çox əziyyətli olsa da, vitaminlərlə bərpa edirik.
- Arzu edirik ki, qızıl medal qismətin olsun.
– Çox sağ olun. Sağ olun ki, idmançıları dəvət edirsiniz. Mən də təşəkkür edirəm.