Azərbaycan Premyer Liqasının XX turunun “Neftçi” ilə oyunu “Simurq”un baş məşqçisi Georgi Çixrazde üçün əlamətdar olacaq.
Sportarena.az xəbər verir ki, gürcüstanlı mütəxəssis Zaqatala təmsilçisini yubiley – 100-cü dəfə meydana çıxaracaq.
2012-ci il martın 17-də “Turan”la evdə keçirilən Premyer Liqa oyununda (1:1) komandanın baş məşqçisi postunda debüt edən Çixradze bu günədək 99 rəsmi qarşılaşmada iş başında olub.
Yubiley oyununadək mütəxəssis 94 çempionat və 5 kubok matçında Zaqatala təmsilçisinə rəhbərlik edib. Premyer Liqada 99 dəfə yetirmələrinin qoluna sevinən gürcüstanlı bu göstəricidə də yubileyin astanasındadı. Lakin bunun üçün “Simurq” səfərdə qol vurmalıdı.
Qeyd edək ki, ölkəmizdə yalnız bir klubun “sükanı arxasında” olan Çixradze Azərbaycan karyerasında 100 və daha çox oyun keçirən 6-cı legioner baş məşqçi kimi tarixə düşəcək. Onadək Kaxaber Sxadadze (257), Roman Pokora (126), Valentin Xodukin (113), İbrahim Uzunca (109), Qyoko Hacievski (101) müxtəlif miqyaslı yarışlarda (Premyer Liqa, kubok, Superkubok, avrokuboklar, Birlik kuboku, I divizion, əvəzedicilər) Azərbaycan klubunu üst-üstə 100-dən artıq matçda baş məşqçi funksiyasını yerinə yetirib.