Əsgər Abdullayev: "Adlar bizi qorxutmamalıdır"

16:32 5 Fevral 2015

“Millinin bəxtinə çətin qrup düşüb. Həqiqətən də, rəqiblərimiz çox güclüdü”.

Sportarena.az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında 21 yaşadək futbolçulardan ibarət yığmamızın sabiq baş məşqçisi Əsgər Abdullayev deyib.

AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində millimizin rəqiblərini dəyərləndirən təcrübəli mütəxəssis istənilən halda, rəqiblərdən çəkinməməyi məsləhət görüb: “İndidən nəsə demək tezdi. Çünki ilk növbədə, öz komandamızın səviyyəsini bilməliyik. Dediyim kimi, rəqiblər güclüdü. Amma adlar bizi qorxutmamalıdı. Mən birgə işlədiyim bütün futbolçulara demişəm ki, istənilən rəqibə hörmətlə yanaşmaq lazımdı, ondan qorxmaq yox”.

Millimizlə eyni qrupda mübarizə aparacaq Almaniya, Rusiya, Avstriya, Finlandiya və Farer adaları arasında bir komanda Abdullayev üçün tanışdı.

Belə ki, onun rəhbərliyi altında U-21 2002-ci ildə finlandiyalılarla qarşılaşıb və səfərdən 0:3 hesablı məğlubiyyətlə qayıdıb. Abdullayevin fikrincə, bu dəfə də finlandiyalılarla qarşılaşma çətin keçəcək: “Təbii ki, qrupun favoritləri Almaniya və Rusiyadı. Onlar lider olmaq uğrunda mübarizə aparacaqlar. Ancaq Finlandiya və Avstriyanı da hesabdan silmək olmaz. U-21-in baş məşqçisi olduğum dönəmdə Finlandiya ilə qarşılaşmışıq. Səfərdə 0:3 hesablı məğlubiyyətlə barışmalı olmuşduq. Yenə Finlandiya ilə görüş çətin keçəcək. Çünki onların öz oyun stilləri var”.

2000-2002-ci illərdə gənclər yığmamızı çalışdıran Əsgər Abdullayev yenə həmin posta namizədlərdən sayılırdı. Ancaq federasiya rəhbərliyi U-21-in baş məşqçisi vəzifəsinə Abdullayevi yox, Yaşar Vahabzadəni gətirdi. Bununla bağlı da fikirlərini bölüşən təcrübəli çalışdırıcı həmkarına uğur arzulayıb: “Bəli, mənim də adım namizədlər sırasında var idi. Amma seçim belə oldu. Yaşara uğurlar arzulayıram. Çətin yükün altına girib. Qrupdakı rəqiblərimiz də bunu bir daha təsdiqlədi. U-21-də çox iş görmək lazım olacaq”.

 


Digər xəbərlər

Xəbər xətti