"İnterAz" televiziyasının "Arena" verilişinin növbəti buraxılışı efirə yayımlanıb.
Sportarena.az xəbər verir ki, verilişin bu dəfəki qonaqları "Sumqayıt"ın baş meneceri Ceyhun Sultanov və sabiq FİFA referisi Anar Salmanov olub. Verilişdə hər iki qonaq AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu tənqid ediblər. Ceyhun Sultanov Xaqani Məmmədov haqqında bunları bildirib :
"Xaqani Məmmədov haqqında çox danışmışam. Bu şəxs neçə illərdir Hakimlər Komitəsinin sədridir və həmişə də qalmaqallar yaşanır. İstər Antalya təlim-məşq toplanışında, istərsə də burada. Əgər o Hakimlər Komitəsinin sədridisə, onda heç bir işçisinin onun üzünə qayıtmağa haqqı yoxdur. Bu mənim şəxsi fikrimdir, mənim Xaqani Məmədovla heç bir şəxsi- qərəzim yoxdur. Mən digər efirlərdə də demişəm ki, bəlkə Xaqani müəllim özünüz bu vəzifədən gedəsiz, həm özünüz üçün yaxşı olar, həm də ki, başqası gələr, bundan da yaxşı hakimlərimizi yetişdirəcək. Mən yenə deyirəm ki, yaxşı işləmək üçün mehriban kollektiv yaratmaq lazımdır. Xaqani Məmmədovdan tələb olunan nədir ? - Düzgün hakimlərin yetişdirilməyi. Qarşıda hələ 5 ay var. Mən Xaqani Məmmədovun yerində olsaydım və mənə 5 ay da şans versəydilər işləyərdim, amma görsəydim ki,mən bunları düzəldə bilmirəmsə, sadəcə özüm gələrdim, ərizəmi yazardım ki, daha bəsdir".