Bu gün Azərbaycan Premyer Liqasında 20-ci turun oyunları keçirilir. Turun son oyununda “Xəzər-Lənkəran” öz meydanında “İnter”i qəbul edəcək.
Elbrus Məmmədov ilk qələbəsini qazana biləcəkmi?
“Xəzər-Lənkəran”da yeni gəncləşdirmə siyasəti hələ ki, komandanın ardıcıl məğlub olması ilə nəticələnir. Maraqlı məqam, Elbrus Məmmədovun baş məşqçi təyin olunmasından sonra komandanın qələbə üzünə həsrət qalmasıdır. Lakin, gənc heyətin ağıllı və əzmkar mübarizə apardığını da qeyd etmək lazımdır. Komanda, yeni baş məşqçinin gəlişindən sonra öz meydanında ilk oyununa çıxacaq və heç də məğlubiyyət üçün meydanda olacağını düşünmək olmaz. “İnter” ilk üçlükdə qərarlaşsa da, həmişəki kimi Lənkəranda böyük təzyiq altında oynayacağı gözləniləndir.
“İnter” liderlik mücadiləsini davam etdirəcəkmi?
“İnter”in Lənkəranda çətinliklə üzləşəcəyi gözlənildiyi kimi, liderlik mübarizəsindən də qopmaq istəməməsi aydın məsələdir. “Qarabağ”ın “Bakı” qarşısında gözlənilən qələbəsi (Hətta, məğlubiyyəti də) komandanı qələbə üçün daha da ruhlandıracaq. “İnter” çempion olmaq istəyirsə bu oyundan mütləq qələbə üçün ayrılmalıdır. Əks halda “bankirlər” növbəti turlarda böyük çətinliklərlə qarşı-qarşıya qalmalı olacaqlar ki, bu da çempionluğun bir dahakı mövsümə qədər təxirə salınması ilə nəticələnə bilər.
“Xəzər-Lənkəran”, yoxsa “İnter”? Hansı daha güclüdür?
Bu iki klub arasında keçirilən oyunlar həmişə özünəməxsus mübarizə şəraitində keçdiyindən oyunda hansı komandanın qələbə qazanacağını ehtimal etmək belə olduqca çətin məsələdir. “Xəzər-Lənkəran”ın daha çox ötürmələrə üstünlük verməsi fonunda “İnter”in praqmatik futbolu bu dəfə də azarkeşlərə zövqlü futbol bəxş edə bilər. “Ağ-yaşıl”lar qələbə üçün daha dağıdıcı oynamalıdırsa, “bankirlər” uzaqdan zərbələrə, müdafiəni mərkəzdən yarmağa üstünlük verməklə qələbəni təmin edə bilər. Sxadadzenin həmişəki kimi ehtiyatda olan planları da oyuna rəng qata bilər. Həmçinin, Elbrus Məmmədov da nəyə qadir olduğunu bu oyunda böyük səpkidə göstərəcəkdir.