"Neftçi"nin baş məşqçisi: "Onlar kimlərsə tərəfindən öyrədilirlər"

14:38 7 Fevral 2015

Azərbaycan Premyer Liqasında dünən keçirilən “Neftçi” – “Simurq” qarşılaşmasında meydan sahiblərinin azarkeşlərinin baş məşqçi Arif Əsədovu istefaya səslədiyini xəbər vermişdik.

Məsələ ilə bağlı Arif  Əsədovun özü ilə əlaqə saxladıq və fikirlərini öyrəndik:

 

- Arif bəy, bildiyiniz kimi dünən azarkeşlər komandanın oyununa etiraz etdi, təhqirlər oldu, sizi istefaya səslədilər...

- Azarkeşləri başa düşmək olar. Komanda uğursuz oynayırsa, etiraz edirlər. Amma, “Neftçi” azarkeşləri  iki qrupa ayrılıb. Elələri olur ki, hətta məğlub olanda belə oyundan sonra zəng edərək gözəl oyuna görə təşəkkürün bildirir. Digər azarkeşlər isə qələbə qazandığımız müddətdə sakit olurlar, komanda bir az büdrəyən kimi başlayırlar etiraz etməyə. Dünən hələ oyun bitməmiş etiraz edirdilər. Mən bir yana, oyunçulara nəlayiq sözlər dedilər. Fikrimcə, onlar kimlərsə tərəfindən öyrədilirlər.

 

- Bəs sizin komandadan getmək fikriniz varmı?

  Komandanı özüm qurmamışam. Komanda mənə veriləndə dördüncü yerdə gedirdi və heç də yaxşı vəziyyətdə deyildi. Rəhbərlik qarşımda gəncləşdirmə siyasəti qoyub. Bunula paralel uğurlu nəticələr qazanmağı da hədəfləmişik. Səbrli olmaq lazımdır. Heyət ələnə-ələnə öz oyununu tapacaq. Hər kəs başa düşməlidir ki, əgər heyət gəncləşirsə itirəcəklərimiz də olacaq. Əvəzində, gələcək üçün güclü komanda quracayıq. Mən bu kluba bağlıyam, burada oynamışam, işləmişəm. İndiki heyətdə işıq görürəm. Biz gələcəyin komandasını qururuq.

 

- Dediniz ki, azərkeşlərin bəziləri kimlərsə tərəfindən öyrədilir. Sizcə bu kimdir?

- Kim olduğuna münasibət bildirmək istəmirəm. Komandaya çətin dönəmdə gəlmişəm. Kiminsə yerimdə gözü varsa, imkan versin, heyəti qurum, sonra nə istəyirsə edər.

 

– Yerinizə yenidən Böyükağa Hacıyevin gəlməsi söhbətləri gəzir. Hətta belə bir məsələ var ki, Hacıyev hər dəfə "Neftçi"yə qayıdanda əvvəlcə komandanı tənqid edir. Müsahibələrinin birində də komandanın oyununu tənqid etmişdi.

– Hacıyevə böyük hörmətim var. Fikirlərini deyirsə burada problem yoxdur. Mətbuatda çox adamın adını çəkirlər. Mən bunun kim olduğunu açıqlamaq istəmirəm. Sadəcə demək istədiyim odur ki, belə hallar ancaq yerli məşqçilərin başına gəlir. Xarici məşqçilər gələndə onlara yetərincə şans verirlər, amma yerli məşqçilərə bu şans az verilir.

 


Digər xəbərlər

Xəbər xətti