“Kayserispor”u seçməyimin özəl səbəbi yoxdu. Hardan məntiqli təklif gəlirsə, ora getməlisən”.
Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev deyib.
Türkiyə mətbuatına danışan “Kayserispor”un yeni transferi qarşısına qoyduğu yüksək hədəflərdən söz açıb.
Yeni klubunu və Kayseri şəhərini sevdiyini bildirən 29 yaşlı qolkiper uyğunlaşma baxımından problemlə üzləşməyəcəyini dilə gətirib: “Əvvəllər də Türkiyəyə gəlmişdim. Amma ilk dəfədi Türkiyə klubunun üzvüyəm. Futbolda qəbul etdiyin qərarın səbəbi olmur. Daha yaxşı təklifi qəbul edirsən. “Kayserispor”da əla kollektiv var. Hamı bir-biri ilə mehribandı. Adaptasiya baxımından problemlə üzləşəcəyimi düşünmürəm”.
Ağayev “Kayserispor”da mövsümü birinci pillədə bitirmək və Türkiyə Superliqasına vəsiqə qazanmaq istədiyini əlavə edib: “Hansı komandada oynayırsansa, oyna, hədəfin çempionluq olmalıdı. Bizim də istəyimiz birinci olmaqdı”.
Qeyd edək ki, əvvəllər “Turan”, “Xəzər Lənkəran”, “Bakı” və “Qəbələ” klublarının da formasını geyinmiş Kamran Ağayev karyerasında ilk dəfədi ki, legioner həyatı yaşayır.