“Ümid edirik ki, "Neftçi" ilə görüşdə Hakimlər Komitəsi daha təcrübəli briqadaya təyinat verəcək”.
Sportarena.az xəbər veriri ki, bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
Klub rəsmisi Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində əzəli rəqibləri “Neftçi” ilə səfərdə baş tutacaq oyun öncəsi hakimlərin rəqibin təxribatına uymamağını istəyib.
“Şəxsən mənim Xaqani Məmmədova və matça təyinat alacaq hakimlərə müraciətim var - lütfən, oyunboyu hakimlər rəqib düşərgədə təxribat üzrə peşəkarlaşmış futbolçulara diqqət yetirsinlər. Yenə də Sadio Tounkaraya topsuz vəziyyətlərdə zərbə endirəcəklər, üzünə tüpürəcəklər, söyəcəklər və ən sonda futbolçumuz Flavinyo, yaxud Erik Ramosla üz-üzə qalan kimi qışqırıb özlərini yerə atacaqlar, Sadioya qırmızı vərəqə “qazandıracaqlar” – deyə, Cəbrayıloğlu bildirib.
Onun sözlərinə görə, belə halla artıq çox rastlaşıblar: “Bu, neçə oyundu başımıza gəlir. Ola bilsin bu dəfə baş rolda Ramos və Flavinyo olmasın. Amma istənilən halda, bu illərdi Tounkaranı dayandırmaq üçün xüsusi seçilmiş plandı. Və kimsə bu rolu üzərinə göturəcək”.
Qeyd edək ki, “Neftçi” – “Xəzər Lənkəran” matçı fevralın 11-də “Bakcell Arena”da keçiriləcək.