Sadıq Sadıqovun "həqiqətləri" - YAZI

15:16 9 Fevral 2015

“İnsan unutqan məxluqdur”. “Neftçi”nin prezidenti Sadıq Sadıqov ötən turun “Neftçi” – “Simurq” oyununda hakimi söyməklə bu misalın doğruluğunu bir daha təsdiq etdi. Atalarımız indiki dövrdə yaşasaydı, belə bir  məsəl çəkərdi: “Oğru elə söydü ki, doğrunun...”

Nə isə... Onsuz da hər şey göz qabağındadır. “Neftçi”nin mühafizəçisinin necə 17 yaşlı uşağı vurduğunu, hakimlərin “Böyük Oyun”larda analoqu olmayan qərarlarını görən də, unudan da bir biz idik, bir də Sadıq Sadıqov.

Əslində Sadıqov da haqlıdır. Axı, o hakimlərə klubunun şəxsi mülkü kimi baxmağa öyrəşib. Əgər hakim bitərəf oyun idarə edirsə, Sadıqova görə bu səhvdir. Axı, necə ola bilər ki, oyunun hakimi Azərbaycanın “flaqman”ına tərəfkeşlik etməsin? Axı, necə ola bilər ki, rəqib oyunçusuna qırımızı kart, qapısına isə penalti verilməsin? Oyuna Sadıqovun gözü ilə baxsaq Flavinyoya edilən hər müdaxilə sarı kartla cəzalandırılmalıdır. Flavinyo rəqibi vurursa deməli haqlıdır. Flavinyo üzünü tutub yıxılırsa, deməli rəqib onu vursa da, vurmasa da qırmızı almalıdır. Lap belə canım sizə desin, Araz Abdullayev “Ferrari”si ilə meydana girib topdaşıyan uşaqları əzib keçsə də, bu normaldır. Çünki, Sadıqov futbolla “vor-zakon” aləmini səf salıb. Onun “minenya”sına görə “Neftçi” Azərbaycan futbolunun həm də “lotu”sudur. Bəlkə də Sadıqov həcdən qayıdanda o tərəfin təsbehini oğru aləminin təsbehi ilə səhv salıb.

Hə, bax elə o səhv, bu səhv, “Neftçi”dəki əyriliklər düzəlmir ki düzəlmir. Bu səhvlərin də bir günahkarı olmalıdır axı. Nə qədər istefa olar? İstefalar üzrə rekortçu Tahir Süleymanov, istefalar üzrə üçqat Azərbaycan çempionu Böyükağa Hacıyev, istefalar üzrə xidmətçi Gündüz Abbaszadə...  İndi də “hacı” anlayır ki, özü istefaya getməlidir, ya da günahı kiminsə boynuna yıxmalıdır. Hakim, məşqçi, nə bilim klubun süpürgəçisi... Bunun Sadıqov üçün fərqi yoxdur. Necə ki, hacı olub, həm də söyüş söymək arasında fərq görmür.

Yazdı: Rahim Şaliyev


Xəbər xətti