"Xəzər-Lənkəran"ın müdafiəçisi: "Heç kim gənclər oynayacağıq deyə rəqibin asan qələbə qazanacağını düşünməsin"

12:55 10 Fevral 2015

“Xəzər Lənkəran”ın gənc müdafiəçisi İlyas Səfərzadənin “Qafqazinfo”ya müsahibə verib.

Sportarena.az sizə həmin müsahibəni təqdim edir:

 

 

- “Xəzər Lənkəran”ın siyasətini dəyişməsi yəqin ki, sizləri çox sevindirdi?

- Əlbəttə. Bizə oynamaq üçün bir şərait yaradıldı. İndi bu fürsətdən istifadə etməliyik. Təbii ki, bir müddət çətinliklər olacaq. Amma rəhbərliyin inamını doğruldacağımıza inanıram. 

- Amma çempionatın ikinci yarısına heç də uğurlu başlamamısınız. Ardıcıl 2 məğlubiyyət...

- Razıyam ki, bu heç də yaxşı nəticə deyil. Sadəcə komandanın oyunu göz önündədir. Heç bir rəqibdən qorxmuruq və sona qədər döyüşürük. Məğlub olduğumuz matçlarda əzmkar oyun göstərdik. Lakin rəqiblərin təcrübəsi qələbə qazanmalarına kömək oldu. 

- “Simurq” və “İnter” “Xəzər Lənkəran” üçün onsuz da həmişə arzuolunmaz rəqiblər olub...

- Onların qapalı futbol oynaması bütün rəqiblərə çətinlik yaradır.  Həm “Simurq”, həm də “İnter” bizi məğlub etdi, amma komandamız asan təslim olmadı. Siz Zaqataladakı matçın ilk hissəsinə baxsanız, görəcəksiniz ki, bizim qol vurmaq üçün şanslarımız oldu. Birinci yarıda əlimizə düşən qol imkanlarını qaçırmasaydıq, belə çətin səfərdən xalla dönərdik. 

- “İnter”lə matçda iddialı rəqibə qarşı sona qədər müqavimət göstərə bildiniz. Amma qol vurmaqda komandanın çətinlik çəkdiyi görünürdü. Hücumçu probleminin olması ilə razısan?

- Son oyunda rəqibi öz qapısına doğru sıxmışdıq. Çox yaxşı oyun göstərdik və  qol epizodları yaratdıq. Lakin sizinn dediyiniz kimi son nöqtəni qoymaqda problem yaşadıq. Bunun səbəbini indidən demək olmaz. Hücumçu problemi ilə də bağlamaq düzgün deyil. 

- Ağabala Ramazanov yeganə hücumçudur. Tək onunla komanda nə qazanacaq?

- Hücumçu kimi çıxış edə biləcək başqa futbolçularımız da var. Bizə bir az vaxt lazımdır ki, komanda tam toparlansın. Ondan sonra nəticələr də olacaq. 

- Qarşıda “Neftçi” ilə çətin oyun var. Gənclərdə həyəcan hiss olunur?

-Həyəcan olmayacaq. Amma prinsipallıq da özünü itirməyəcək. Bundan əvvəl “Xəzər Lənkəran” “Neftçi”yə qarşı hansı istəklə oynayırdısa, biz iki dəfə artığını etməyə çalışacağıq. Heç kim gənclər oynayacağıq deyə rəqibin asan qələbə qazanacağını düşünməsin. 

- “Böyük oyun” özünüzü azarkeşlərə sevdirmək baxımından sizin üçün əla şans sayıla bilər?

- Məncə, bəli. Biz “Neftçi”ni məğlub edə bilsək, o zaman azarkeşlər bizə tamamilə güvənəcək. Onların inamını qazanmaq bizim üçün çox yaxşı olacaq. 

- Mövsümün sonunda çempionatı hansı yerdə bitirməyiniz mümkündür?

- Onu zaman göstərəcək. Axı mən heç nə deyə bilmərəm. Biz sadəcə yaxşı futbol oynamağa və hər matça 3 xal qazanmağa çıxırıq. 

 


Digər xəbərlər

Xəbər xətti