"Azərbaycana səviyyəli legionerlər gəlməlidir. Onlar nə qədər güclü olsalar, çempionatın da, futbolumuzun da, yerli futbolçuların da səviyyəsi yüksələr".
Sportarena.az "Report"a istinadən yaydığı xəbərə görə, bu sözləri Azərbaycan milli komandasının və "Qarabağ" klubunun futbolçusu Qara Qarayev deyib.
Lakin 23 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasında mübarizə aparan legionerlərin neçə faizinin səviyyəli olduğunu söyləməkdə çətinlik çəkib. O, "Qarabağ"ın qış transfer dövründə heyətinə heç bir futbolçu cəlb etməməsi ilə bağlı sualı isə belə cavablandırıb:
"Transfer məsələləri klub rəhbərliyi və baş məşqçiyə aiddir. Bir futbolçu kimi deyə bilərəm ki, "Qarabağ"ın heyətində kifayət qədər səviyyəli yerli və əcnəbi oyunçu var. Komandamız yenə pis təsir bağışlamır. Amma bir yerli futbolçu kimi nəinki öz klubumuza, hətta ölkə futboluna səviyyəli legionerlərin gəlişinin əleyhinə deyiləm. Əksinə, bu, xeyirlidir".
Qeyd edək ki, Qara Qarayev İdman Araşdırmalar Mərkəzinin idman jurnalistləri arasında keçirdiyi sorğu nəticəsində 2014-cü ilin ən yaxşı futbolçusu seçilib.