Aqil Məmmədov: "Həmin xəbəri oxuyanda şoka düşdüm" – MÜSAHİBƏ

15:01 10 Fevral 2015

Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində sabah “Xəzər Lənkəran”la qarşılaşacaq “Neftçi” klubunun qapıçısı Aqil Məmmədovun apasport.az saytına müsahibə verib.

 

Sportarena.az sizə həmin müsahibəni təqdim edir:

 

- Ötən tur “Neftçi”də ilk rəsmi oyununuzu keçirdiniz. “Ağ-qara” forma ilə meydana çıxmağın hansısa xüsusi özəlliyi varmı?

- Düzdü, ilk dəfə “Neftçi”nin formasında rəsmi oyuna çıxdım. Vacib olan qapını toxunulmaz saxlamaq idi ki, bunun da öhdəsindən gəldim. Hər şey normal alındı. Hansısa xüsusi hisslər keçirdiyimi deyə bilmərəm. Həyəcan yox idi. Çünki yoxlama oyunlarında meydana çıxmışdım. Artıq komandanın ab-havasına öyrəşmişəm.

 

- Sabah “Xəzər Lənkəran”ı qəbul edəcəksiniz. Bu matça hazırlıq necə gedir?

- Yaxşı hazırlaşırıq, heyətlə bağlı problemimiz yoxdu. Son iki turda istədiyimizi əldə edə bilmədik. Düzdü, “Simurq”a qarşı yaxşı oynadıq. Ancaq yaxşı oyunun müqabilində qələbə qazana bilmədik, bəxtimiz gətirmədi. Bu dəfə azarkeşlərimizi sevindirmək istəyirik.

 

- Elə azarkeşləri də narazı salan məqam budu: komanda Antalyaya gəzməyə getmişdi, yoxsa hazırlıq keçməyə?

- Yoxlama oyunları ilə rəsmi matçlar tam fərqlidi. Bu, özünü qabarıq şəkildə göstərir. Amma qış fasiləsində yaxşı hazırlıq keçmişik. Sabah uğursuzluğa son qoyacağıq.

 

- Rəqib “Xəzər Lənkəran”dı. Bu dueldə məğlubiyyət hər iki tərəf üçün qəbuledilməzdi...

- Məsuliyyəti anlayırıq. Bu oyun turun yox, çempionatın mərkəzi oyunu hesab edilir. Əlimizdən gələni edəcəyik ki, 3 xal qazanaq.

 

- “Xəzər Lənkəran”a qarşı çox oynamısınız. Sabahkı matçın fərqliliyi hiss olunurmu?

- Əlbəttə, tam fərqli oyundu. Hər iki komandanın böyük azarkeş ordusu var. Yəqin ki, onlar da stadiona gəlib, matçı izləyəcəklər.

 

- Təəssüf ki, İntizam Komitəsinin qərarına əsasən rəqib komandanın azarkeşləri stadiona daxil ola bilməyəcəklər. Futbol adına bu qərar nə dərəcədə ədalətlidi?

- Qərarı şərh edə bilmərəm. Amma fikrimi bilmək istəyirsinizsə, oyunu hər iki tərəfin azarkeşlərinin izləməsinin tərəfdarıyam. Futbolun gözəlliyi, yaraşığı fanatlardı. Tribunaya toplaşanların sayı nə qədər çox olsa, futbolçular da çox çalışacaq, oyun maraqlı keçəcək.

 

- Son günlərdə komandanın düşərgəsindən heç də xoş olmayan söz-söhbətlər yayılır. Gah baş məşqçi istefaya göndərilir, gah futbolçu ilə çalışdırıcı dava edir və s. Bu cür xəbərlər nəyə məhz “Neftçi”nin düşərgəsindən yayılır?

- Mən də mətbuatdan oxumuşdum. Nforun baş məşqçi ilə əlbəyaxa olması boş söhbətdi. Mən də məşqdə idim, belə şey olmayıb. Hamı bir-biri ilə mehribandı, atmosfer çox gözəldi. Bir qələbə ilə hər şey düzələcək.

 

- Od olmayan yerdən tüstü çıxmaz. Nfor özünü normal aparırdısa, niyə əvəzedici komandaya göndərilib?

- Bunu mətbuatdan oxuyanda özüm də şoka düşdüm ki, necə olub? Biz məşqdə idik və hər şeyi görürdük. Hər bir baş məşqçinin öz baxışı var. Yəqin Nfor onun istəyini qarşılamır, məşqdə əzmkarlıq göstərmir. Amma aralarında hansısa mübahisə olmayıb.

 

 


Digər xəbərlər

Xəbər xətti