“Anar Bəkirov saytınıza müsahibəsində “Simurq”un bir neçə il öncə avrokuboklara vəsiqə qazana bilməməsinə görə məni günahlandırıb. Söz tapa bilmirəm. Yaxşısı budu, Anar müəllim getsin öz işi ilə məşğul olsun”.
Sportarena.az xəbər veriri ki, bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycanın keçmiş FİFA referisi Anar Salmanov deyib.
“Simurq” klubunun prezidentinin apasport.az-a müsahibəsində səsləndirdiyi “Biz hələ Çixradzenin ilk mövsümündəcə avrokuboklara yollana bilərdik. Amma həmin vaxt Anar Salmanovun qərəzli qərarı yolumuzu bağladı” cümlələrinə münasibət bildirən Salmanov bu ittihamla razılaşmayıb.
O, Anar Bəkirovun hansı oyunu nəzərdə tutduğunu anlayaraq, verdiyi qərarda haqlı olduğunu bildirib: “Çox güman ki, o, Zaqatalada keçirilən “Simurq” – “Bakı” matçını nəzərdə tutur. Həmin matçın 90+2-ci dəqiqəsində ev sahiblərinin qapıçısı kobud oynadı, mən də “Simurq”un qapısına penalti təyin etdim. Marius Penanın zərbəsindən sonra top dirəkdən qayıtdı və o, təkrar zərbə ilə topu qapıdan keçirdi. Əgər qərəzli olsaydım, qolu sayardım da. Amma mən qaydalara əsasən, həmin qolu hesaba almadım. Çünki qaydalarda göstərilir ki, penalti yerinə yetirən futbolçunun zərbəsi birbaşa dirəkdən qayıdarsa, onun özü təkrar zərbə ilə topu qapıdan keçirə bilməz. Komanda yoldaşları bunu edə bilərlər. Amma özü edirsə, qol hesaba alınmamalıdı. Mən də Penanın qolunu hesaba almadım və görüş heç-heçə nəticələndi. Burda hansı qərəzdən söhbət gedə bilər?”
Hakimliyin çətin peşə olduğunu təsdiqləyən Salmanov sözlərinə belə əlavə edib: “Hakim də insandı, o da səhv edə bilər. Ancaq həmin görüşdə səhvə yol verməmişəm. Yazıq hakimlər. Kim avrokuboklara vəsiqə qazana bilmirsə, uğursuzluğa düçar olursa, düşür hakimlərin üstünə. Yenə deyirəm, Anar Bəkirov öz işi ilə məşğul olsun. Gözəl komandası var, bu mövsüm yaxşı da çıxış edir. Başqa söhbətlər danışmaq lazım deyil”.