Böyükağa Hacıyev: "Neftçi bu "Xəzər-Lənkəran"a 5 qol vurmasa, kimə vuracaq?"

13:12 11 Fevral 2015

"Neftçi"nin sabiq çalışdırıcısı, Məşqçilər Şurasının üzvü Böyükağa Hacıyev azerisport.az saytının suallarına cavab verib.

Sportarena.az sizə həmin müsahibəni təqdim edir:

- Bu həftə Azərbaycan çempionatında yenidən "Böyük oyun" baş tutacaq. "Neftçi" ilə "Xəzər Lənkəran" arasında duellər hər zaman maraqla qarşılanıb...
- Media bu görüşə hər zaman "Böyük oyun" deyir. Əvvəllər bir-iki həftə əvvəldən hamı bu görüşə hazırlaşırdı. İndi vəziyyət tam fərqlidir. Bu oyunun marağı azalıb. Cənublular strategiyanı dəyişiblər. Onlar indi daha çox gənc futbolçulara şans verirlər. Ona görə məncə, güclü mübarizə olmayacaq. "Neftçi" asanlıqla qələbə qazanacaq. Hər halda heyət baxımından rəqibdən üstün durumdadır.

- Amma qış fasiləsindən sonra keçirilən iki turda "Neftçi" qələbə qazana bilməyib. Səbəb nədədir?
- Təxribat xarakterli sual verirsiniz. Həmkarımın işi haqda danışmaq düzgün deyil. "Simurq"la oyun çətin oldu. Zaqatalada oynamaq hər zaman asan olmayıb. Bununla belə bu suala baş məşqçi Arif Əsədov cavab verə bilər. Komandanın oyununa görə cavabdehliyi o daşıyır.

- Sizcə, bu dəfə "Neftçi" - "Xəzər Lənkəran" görüşündə açıq futbol izləyə biləcəyikmi?
- Komandaların turnir cədvəlində hansı vəziyyətdə olmasından asılı olmayaraq, "Neftçi" hər zaman qələbə istəyib. Bir dəfə biz cənublulara 5 cavabsız qol vurduq. Həmin oyun heç vaxt unudulmur. Azarkeşlər və media yəqin həmin görüşü xatırlayır. Hansı oyunu göstərəcəklərini bilmirəm, amma istərdim ki, "Neftçi" mənim rekordumu təzələsin.

- Yəni, "Neftçi" "Xəzər Lənkəran"a 5 qol vursun?
- Hər iki komandaya hörmətlə yanaşıram. Amma əgər "Neftçi" indi gənclərdən formalaşan "Xəzər Lənkəran"a 5 qol vurmasa, kimə vuracaq. Bu komandaya 5 daha artıq qol vurmaq olar. Qüvvələr nisbəti bunu deyir.

- Çempionatda əvvəlki rəqabətin olmaması məşqçilərin işini asanlaşdırır, yoxsa əksinə?
- Doğrudan əvvəlki rəqabət yoxdur. Əvvəl 6 komanda çempionluq uğrunda yarışırdı. İndi 3 klubu demək olar. Heyət çoxlarına imkan vermir iddialı olmağa. Digər tərəfdən "Neftçi"də heyət dəyişməyib. Sadəcə, komanda sabit heyətlə oynamır. Hər oyuna fərqli heyətlə çıxırlar. Rəqiblər üçün sabit oynayan heyət daha qorxuludur. Onda futbolçular arasında anlaşma effektli olur.

- Qış fasiləsini Bakıda keçirən komandalar Antalyada hazırlaşan klublara qalib gəlir. Yəni Antalyada və ya Bakıda hazırlaşmağın fərqi yoxdur?
- Sözün düzü, fərqi çox deyil. Sadəcə, Antalyada daha güclü rəqiblərlə qarşılaşırsan. İlk nəticələrdən belə çıxır ki, Bakıda qalan klublar daha səmərəli vaxt keçirib. Ümumiyyətlə, gələcəkdə heç Antalyaya getmək o qədər vacib deyil. Quba, Qəbələ, Lənkəran və ya lap elə Masazırda təlim-məşq keçmək olar. Gördüyünüz kimi, Antalyada olan klubların oyununda o qədər də irəliləyiş görünmür. Məsələn, AzAL Bakıda qaldı və ardıcıl iki matçda qələbə qazanıb.

- "Neftçi" mükafatçılar sırasına düşməsə, bu, sizin üçün gözlənilməz olacaq?
- Bilirsiniz, komanda hər il çempion ola bilməz. Hər il ölkə kubokunu qazanmaq mümkün deyil. İspaniya çempionatında "Atletiko" "Real"a 4 qol vurdu, ind Ronaldo və ya başqa ulduzu qovmayacaqlar ki? Futbol səhvlər oyunudur. Hər gün 3 xal qazanmaq olmur. Mən baş məşqçi Arif Əsədova inanıram və əminəm ki, bu vəziyyətdən çıxış yolu tapacaq. Xal itkiləri hər zaman olub və olacaq. Bu futbolda qaçılmazdır. Ona görə mükafatçılar sırasına düşməsə, bunu təbii qarşılamaq lazımdır.

- Bəlkə "Neftçi" qışda transfer etməməklə özünü pis vəziyyətdə qoydu?
- Heyətə baxın Nfor, Ramos, Flavinyo, Kardoso, Stamenkoviç - əminsiniz gələn futbolçular bunlardan güclü olacaq. Kim deyə bilər ki, yeni futbolçu qısa zamanda heyətə uyğunlaşacaq? Yeni futbolçular indikilərdən güclü olmayacaq. Ona görə bu heyətlə mübarizə aparmaq mümkündür. Hər halda artıq təlim-məşq başa çatıb. Sadəcə, komandaya inanmaq və dəstəkləmək lazımdır.

 


Digər xəbərlər

Xəbər xətti