“Neftçala” klubunun baş məşqçisi Kamal Quliyevin Sportarena.az saytına müsahibəsi:
- “Neftçala”nın təlim-məşq toplanışını necə qiymətləndirirsiz?
–Məndə komandanın il yarımlıq məşq planı var. Antalyada keçdiyimiz məşq toplanışı da həmin proqramın içində idi. Komandanın rəhbərliyinə minnətdarlığımı bildrirəm ki, belə bir şərait yaratdı. Futbolçulara futbolun sirlərini aşılamaq bizim borcumuzdur və Antalyada olduğumuz müddətdə çalışdıq ki, bu işin öhdəsindən layiqincə gələk. Hazırlıqdan razı qaldım. Keçirdiyimiz oyunlar bunu mənə deməyə imkan verir. Futbolçular gündə iki dəfə məşq edirdilər, oyunlara çıxdılar və məncə yaxşı təcrübə toplaya bildilər.
- 1-ci dvizionda çıxış edən klubların çoxu çempionatdakı fasilə zamanı hazırlıqları ölkə daxilində edir. Antalyada və Azərbaycanda hazırlıq keçmək arasında hansı fərqlər var?
– Böyük bir fərq var. Antaliyada olan şəraitlə Bakı və digər yerlərdə olan şərait eyni deyil. Stadionların öt örtüyü yaxşı vəziyyətdədir və ən əsası odur ki, istədiyin cür rəqib tapa bilirsən. Mən inanmıram ki, Azərbaycanda “Qəbələ”dən başqa yerdə Antalyadakı kimi kefiyyətli ot örtüyü olan stadion tapmaq mümkün olsun.
- Rəhbərlik qarşınızda hansı məqsədləri qoyub?
– Bura gəldiyim gündə rəhbərlik mənim qarşıma çempionluq hədəfi qoyub. İnanıram ki, buna nail olacağıq. Bizim qarşımızı yalnız bəxtsizlik kəsə bilər. Komanda artıq dördüncü ildir ki yaranıb. Amma, bu arzuya çata bilməyib. İnşallah bu il istədiklərimiz alınar.
- Əgər Premyer Liqaya vəsiqə qazansaz yeni transferlər olacaqmı?
– Mütləq. Amma, transferlərə elə də çox vaxt ayırmayacam. Əsas məqsədimiz yerli futbolçuları üzə çıxartmaqdır. Komandada 10 yerli gənc futbolçu var və istərdim ki, onlar Premyer Liqada da oynayıb özlərini göstərsin. Buna baxmayaraq, legionerlər də gətirmək istəyirik. Meydanda olan önəmli hər mövqeyə bir legioner dəvət edəcəm. Amma, legionerlərin sayı 5-i keçməyəcək.
- Kluba yaradılan şərait hansı səviyyədədir?
– Bizim üçün baza hazırda tikilir. İndi isə, Bakıda da, rayonlarda da oyunlara hazırlaşmaq üçün yerimiz və şəraitimiz var.
- Azarkeş baxımından vəziyyətiniz necədir. Rayonda oyunlar olan zaman maraq yaranırmı?
– Siz mənim yaralı yerimə toxundunuz. Mən rəhbərliyin qarşısında məqsəd qaldıra bilərdim ki, bütün oyunları Bakıda oynayaq. Amma, bu klubun adı “Neftçala”dır. Mən iki günümü ayıraraq rayon sakinləri ilə söhbətlər etdim, dedim ki, gəlib öz gənclərinə dəstək versinlər... Çox təəssüflər olsun ki, xeyri olmadı. Mən özüm Yevlaxda, Lənkəranda oynayanda, hər oyunumuza minlərlə azarkeş gəlirdi. Mən demirəm stadion dolu olsun. Heç olmasa 200 azarkeş gəlsin, bu da bəsdir.
- Kamal bəy, sizin “Neftçi”dən narazılıqla ayrıldığınız barədə söhbətlər var idi...
– Mən siznən səmimi söhbət edirəm. Orada mənim haqqım yeyilməyib. Əksinə, mən “Neftçi”dən gedəndə Sadıq müəllim çağırıb dedi ki, “Sənin burada haqqın var”. “Neftçi” mənim ata evimdir. “Neftçala” isə öz evim. Belə söhbətlər yalandı.
Söhbətləşdi: Rahim Şaliyev