“Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədovun apasport.az saytına müsahibə verib.
Sportarena.az sizə həmin müsahibəni təqdim edir:
- Azərbaycan Premyer Liqasının XXI turunda “Neftçi”yə məğlub oldunuz. Komandanızın sərgilədiyi oyundan razı qaldızmı?
- Bəli, razı qaldım. Son vaxtlar “Böyük oyun”un ajiotajı azalsa da, matç yenə gözəl alındı. Gənclər bu oyuna əlavə rəng qatdılar. Sadəcə, təcrübəsizlik və diqqətsizliyə görə məğlubiyyətlə üzləşdik.
- “Xəzər Lənkəran”ın heyətində bir çox gənclər “Böyük oyun”da ilk dəfə iştirak etdilər. Onların çıxışı barədə nə deyə bilərsiz?
- Özlərini yaxşı tərəfdən göstərdilər. Mən onlardan razı qaldım. İkinci hissənin gedişində Rahid Əmirquliyev və Elşən Rzazadə yorulmuşdular. Onlara kömək üçün İlqar Ələkbərovu meydana buraxdım. Bununla yarımmüdafiə xəttini gücləndirmək istədim, amma alınmadı. Əvəzində qapımızdan qollar buraxdıq. Ani diqqətsizlik hesabda geri düşməyimizə səbəb oldu.
- Komandanız qış fasiləsindən sonra keçirdiyi hər 3 oyunu məğlub başa vurub. Sizcə, uğursuz gedişat çox çəkəcək?
- Mən hər oyun komandamdan nəticə gözləyirəm. Qış fasiləsindən sonrakı ilk 2 oyunu götürsək, çempionatın ən gözəl qollarını izlədik. İstər Elnur Abdullayevin, istərsə də Məhəmməd Mirzəbəyovun qolu olsun, hər ikisi baxımlı alındı. Bizim çempionatda 100 ildə bir dəfə belə qollar vurulur.
- Növbəti oyununuzu XXIII tur çərçivəsində “Qəbələ”yə qarşı keçirəcəksiz. Nəzərə alsaq ki, rəqibin də işləri qaydasında getmir, deməli, bu görüş də gərgin keçəcək...
- Razıyam. Özü də “Qəbələ” ilə səfərdə qarşılaşacağıq. Bu həftə istirahət etdiyimizdən, artıq diqqətimizi həmin oyuna yönəltmişik. Sabahdan “Qəbələ” ilə matçın hazırlığına başlayırıq. İnanıram ki, yaxşı olacaq. Uşaqlar özlərinə mən onlara inandığım qədər inansalar, nəticə gələcək. İlk 5-10 dəqiqə ərzində həyəcanlı olurlar. Amma sonradan özlərinə gəlirlər.
- Hazırkı heyətlə “Xəzər Lənkəran” mövsümü neçənci pillədə başa vurmaq iqtidarındadı?
- İndidən yer demək istəmirəm. Onu zaman göstərəcək. Mövsümü bacardığımız qədər yuxarı pillələrdə bitirməyə çalışacağıq. İstəyirik ki, əvəzedici heyətdən gələn uşaqlar növbəti mövsüm komandanın aparıcı üzvlərinə çevrilsinlər. Onlar indidən yerlərini möhkəmləndirməlidilər. Tezliklə “uğursuzluq zolağı”ndan çıxacağıq. Düzdü, 3 oyundu uduzuruq, ancaq bu seriya çox çəkməyəcək. Əminəm ki, tezliklə yaxşı nəticə ilə azarkeşlərimizi sevindirəcəyik.