"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov azərisport.az saytına müsahibəsində "Simurq"la oyundan, legioner limitindən eləcə də çempionatın səviyyəsindən danışıb.
- Komandanızı "Simurq"la çətin oyun gözləyir. Zaqatala təmsilçisinə qarşı hazırlıq necə gedir?
- Son günlər 3-4 gündən bir oyunlar baş tutur. Təqvim elədir ki, bir həftədə bəzən iki matç keçirilir. Bu mənada çətin oyun olacaq. Digər tərəfdən "Simurq"la oyun çox vacibdir. Qış fasiləsindən sonra oyunlarında irəliləyiş var. Düşünürəm ki, asan matç gözləmək düzgün deyil.
- Son turda "Simurq" "Qəbələ"ni üstələdi. Yəqin həmin oyuna baxmısınız...
- "Simurq" hər zaman sabit oyunuyla seçilib. Son turda yaxşı oynadılar və qələbə qazandılar. Bizimlə görüşün çətin olacağını bilirik. Biz mübarizəyə hazır olacağıq. İndi çempionatda əsas mərhələ başlayır. Bu mənada hər bir oyun çox vacibdir. Asan oyun olmayacaq.
- Son zamanlar çempionatın səviyyəsinin aşağı düşdüyü və "Qarabağ"ın asanlıqla liderliyi qoruyacağı söylənilir. Sizin bu fikrə münasibətiniz necədir?
- Bəlkə də kimlərsə hesab edir ki, çempionatın səviyyəsi aşağı düşüb, amma klubların oyununda irəliləyiş görünür. Bu mənada çempionatda bizi asan mübarizə gözləmir. Hər bir rəqib "Qarabağ"ı yaxşı tanıyır və istəyir ki, onunla yaxşı oynasın. Arxayınlaşmaq olmaz və buna imkan da verilməyəcək. Son oyunlar göstərdi ki, hər bir komanda meydana maksimum nəticə üçün çıxır və rəqibi dayandırmağa qadirdir.
- "Qarabağ"ın izləyicisi "İnter" ən komandanızın ən ciddi rəqibidir. Demək olar ki, çempionluğun taleyi bu iki komandanın mübarizəsində həll olunacaq?
- "İnter" yaxşı heyətə malikdir. Cari mövsüm inamlı oyun sərgiləyirlər. Sadəcə, digər komandaları siyahıdan silmək olmaz. Hazırda "Simurq", AZAL, "Neftçi" çox yaxşı formadadır. Bu komandalar qış fasiləsindən sonra yaxşı təsir bağışlayır. "Araz Naxçıvan"ın çempionatı tərk etməsi, "Qəbələ"nin uğursuzluğundan sonra ümumi oyun səviyyəsinin aşağı düşdüyü deyilir. Lakin oyunlara nəzər salın. Heç bir komanda asanlıqla 3 xal qazanacağını söyləyə bilməz. Bizim özümüzdə də müəyyən problemlər var. Hər il sürprizlərin şahidi oluruq, ona görə çempionatda əsas mübarizənin irəlidə olduğunu söyləməliyəm.
- Reynaldonun vəziyyəti nə yerdədir? Optimal formanı bərpa edib?
- İşgüzarlığı sevindirir bizi. Amma optimal formadan uzaqdır. Məşqlərdə səylə çalışır. Zədədən sonra çox istəyir əvvəlki formasını bərpa etsin. Hələlik ondan gözlədiyimi görmürəm. Müəyyən zamana ehtiyac var, optimal formasını bərpa etməsi oyununda hiss olunacaq.
- Məşqçilər Şurası və Klublar Komitəsində legioner limiti tez-tez müzakirə olunur. Sizin variantınız bu məsələdə necədir?
- Öz fikrimi bildirmişəm. Fikrimcə, ötən mövsüm olduğu kimi 7+4 yaxşı variantdır. Amma Məşqçilər Şurası bu barədə müzakirələr aparır. Əgər bizə variantlar təklif olunacaqsa, seçim fikrimizi bildirəcəyik. İndiki halda müzakirələrin nəticəsi məlum deyil. Əsas sabit olaraq çempionatın ardıcıl eyni limitlə keçirilməsidir. AFFA və PFL bu barədə düşünür. Biz qəbul edilən qərara əsasən işləyəcəyik.